Ermənisyanın Fransa ilə hərbi əməkdaşlıq müqaviləsi bağlaması bölgədə sülhə təhdiddir.
Bunu Bakıvaxtı.az-a Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığa dair müqavilənin bağlanmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ötən dövrdə Ermənistan zirehli maşınlar alırdısa, indi hücüm silahları alır:
""Caezar" haubitsaları Fransanın bir neçə ölkəyə satdığı artilleriya qurğusudur. Onların Ermənistana verilməsi bölgədə Fransanın məkirli məqsədlərinin olduğuna işarədir. Bu silahlar kimə qarşı istifadə olunacaq?! Hər halda bunu fikirləşiblər”.
Müsahibimiz qeyd edib ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının müsbət nəticələnməsini istəmir. Gərginliyin qalması Fransanın Cənubi Qafqaza soxulması üçün şərait yatada bilər.
Qafar Çaxmaqlı: Belə şəraitdə Ermənistan üçün heç bir yeni perspektivlər yaranmayacaq
Q.Çaxmaqlı bəyan edib ki, Afrikadakı ölkələrdən qovulmuş Fransa özünə Ermənistanın timsalında yeni müttəfiq axtarır:
"Ermənistan hökuməti anlamır ki, belə şəraitdə Ermənistan üçün heç bir yeni perspektivlər yaranmayacaq. Silahların təmin edilməsinin Ermənistanın dirənişi üçün önəmli faktor olduğuna inananlar dərk etmirlər ki, bu ölkənin təhlükəsizliyi məsələsi Fransadan gələn silahlara deyil, sülhə bağlıdır. Ermənistan nə qədər çox silahlanarsa, ona bir o qədər təhlükə yaranacaq. Azərbaycan Ermənistana xəbərdarlıq edib. Ermənistanda da artıq belə müzakirələr gedir".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.
Həmçinin, Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.
Bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub. Qeyd edək ki, digər hərbi-texniki vasitələrlə yanaşı, Fransa Ermənistana "Caesar" özüyeriyən haubitsalarını tədarük edəcək. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, onun ölkəsi Ermənistanla müdafiə sahəsində əlaqələri gücləndirməkdə davam edir. Nazir qeyd edib ki, "Caesar" haubitsalarının Ermənistana tədarükü yeni mühüm mərhələdir.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Qeyd olunub ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür:
"Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur. Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq".
Aydın Baxış