COP Üçlüyü əvvəllər iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planını elan edib və bu fəaliyyət planı Azərbaycanın və onun COP29-a sədrliyinin öhdəliklərinə uyğundur.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still COP29-a sədrliyin Fəaliyyət Planının təqdimatında virtual çıxışı zamanı deyib.
Onun sözlərinə görə, fəlakətli ekoloji və iqlim vəziyyəti bütün dünya ölkələrinin iqtisadiyyatına və insanların həyatına təsir edir.
"Bütün hökumətlər başa düşməlidirlər ki, onların iqtisadiyyatlarını gücləndirəcək iqlimin qorunmasına daha çox sərmayə qoymalıdırlar", - Still bildirib.
Onun sözlərinə görə, Dünya Bankının iqlimlə bağlı fəaliyyətdə mühüm rolu var.
Çərçivə Konvensiyasının İcraçı katibi xatırladıb ki, yalnız 15 ölkənin milli uyğunlaşma planı var və bu, çox aşağı rəqəmdir. Onun fikrincə, bu istiqamətdə daha aktiv fəaliyyətə ehtiyac var."Biz iqlimin maliyyələşdirilməsini artırmalıyıq. COP29 bu baxımdan bizə böyük ümid verir. İnanıram ki, qarşıda duran çağırışlar üzrə səylərimizi birləşdirəcəyik", - Still qeyd edib.
O vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının tədbirləri iqlim dəyişikliyinə davamlılığı artırmaq üçün yeganə şansdır.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir./trend