Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycana gəlir.
Bakıvaxtı.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, - məlumatda deyilir.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Səfərin əhəmiyyəti və gizlinlərini şərh edən tanınmış politoloq Fuad Abbasov Bakıvaxtı.az-a bildirib ki, Vladimir Putinin Azərbaycan səfəri gözlənilən idi. Çünki 22 fevral 2022-ci ildə Moskva bəyannaməsində Azərbacan və Rusiya arasında strateji əməkdaşlıq, qarşılıqlı yaradımlaşma və qarşılıqlı səfər mübadiləsi nəzərdə tutulub:
“Bu müddət ərzində Azərbaycan prezidenti İlham Əliyev Moskvaya dəfələrlə səfər etməsinə rəğmən Rusiya prezidenti 2018-ci ildən bu yana Azərbaycana səfər etməyib. Əlbəttə ki, Ermənistanın Roma statutunu qəbul etdiyi, Putin Ermənistana səfər edəcəyi təqdirdə onu Haaqadakı beynəlxalq insan haqları məhkəməsinə təhvil verəcəyini qəbul etdiyi bir dönəmdə Putinin Azərbaycana rahat şəkildə səfər etməsi Ermənistana mesaj xarakteri daşıyır. Çünki Ermənistan nəinki avropalaşma, hətta NATO üzvlüyünə doğru addımlar atmaqdadır. Amerika hərbçilərinin Ermənistan ərazisinə gələrək, orada təyyarələrlə silah və təlimçilər gətirməsi rəsmi Moskvanın diqqətindən yayına bilməz. Belə bir dönəmdə Kremlin sahibinin Azərbaycana səfəri Ermənistana “Azərbaycanın yanındayıq” şəklində göndərilən bir mesajdır”.
F.Abbasov onu da əlavə edib ki, V.Putinin Azərbaycana səfəri beynəlxalq müstəvidə Azərbaycana müsbət perspektiv vəd etmir:
“Bütün dünyanın Ukrayna ilə müharibədən dolayı Rusiyaya üz çevirdiyi bir dönəmdə Azərbaycanın Rusiya prezidentini qəbul etməsi heç də birmənalı qarşılanmayacaq. Azərbaycanı Şimali Koreya, Nikaraqua, Belarus və Rusiyanı dəstəkləyən azsaylı dövlətlər sırasına qoyaraq, ona qarşı sanksiyalar tətbiq etmə təhlüksəsi var. Mənə elə gəlir ki, Prezident İlham Əliyev bu riskləri göz önünə alaraq, V. Putini qəbul edib. Eyni zamanda Rusiya liderinin məlum səfərindən Azərbaycanın həm xarici siyasətində, həm də Ermənistanla olan məsələlərdə əldə edəcəyi bonusları nəzərə alaraq, səfərin Azərbaycan üçün faydalı olacağını düşünərək qəbul edib. Ortada başqa bir reallıq da var. Beynəlxalq müstəvidən daha çox Rusiyada yaşayan 3 milyona çatan soydaşımızın maraqlarını nəzərə almaq lazımdır. Çünki Rusiya şimal qonşu olaraq, Azərbaycanın həm daxili, həm də xarici siyasətinə təsir göstərə bilən ölkədir. Məxsusi olaraq, orada yaşayan azərbaycanlılar Azərbaycan-Rusiya əlaqələrindən asılı olaraq, ciddi şəkildə zərər görə bilərlər. Beynəlxalq məcranı kənara qoysaq, bütün bunlar nəzərə alınaraq, Putinin Azərbaycan səfəri ümumilikdə Azərbaycanın maraqları çərçivəsindədir. Sərhəd qonşusu ilə yaxşı münasibətlər Azərbaycanın maraqları çərçivəsindədir. Azərbaycan bunu nəzərə alaraq, həm Ukrayna, həm də Rusiya ilə eyni balanslaşdırılmış siyasət yürütməkdədir. İnanıram ki, Vladimir Putin Azərbaycana səfər etdiyi kimi, Ukrayna lideri Volodomir Zelenskinin də ölkəmizə səfərini gözləmək olar”.
Aydın Baxış






jpeg-1726565787.webp)









