Gəncədə vergi yoxlaması zamanı sahibkardan daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət almaqda şübhəli bilinən dövlət vergi müfəttişi həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Məlumata görə, Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib və cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin dövlət vergi müfəttişi Rüfət Alıyev 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alıb.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci maddəsi (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) ilə ittiham elan edilib.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qanunsuz əməllərin tam dairəsinin müəyyənləşdirilməsi və hadisədə iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
















