• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Parlament Zəfər Günü ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB

SİYASƏT

03 Noyabr 2026 | 12:01 | Müəllif: Zeynəb Rzayeva

Parlament Zəfər Günü ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB

Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib. Bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.

Bakıvaxtı.az bəyantın mətnini təqdim edir: 

“2020-ci il noyabrın 8-də 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir. Bu Qələbə xalqımızın milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir.

Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək bir neçə həftə ərzində şanlı tarix yazmışdır. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılmış, işğalçı qüvvələrə ağır zərbələr vurulmuş, onların çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazilərinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumilikdə 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir.

Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur.

Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək tarixi ədaləti, beynəlxalq hüquq normalarını və prinsiplərini bərpa etmişdir. Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yollarla azad edilməsinə gətirib çıxarmışdır.

2020-ci ildə qazanılmış tarixi Qələbə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır. 2023-cü il sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistanın dəstəklədiyi qanunsuz silahlı birləşmələr tərksilah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində dövlət suverenliyi bərpa edilmişdir. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani şəkildə təsdiq etmişdir.

Döyüş meydanlarında qazanılmış hərbi qələbələr ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur. İqtisadiyyatın inkişaf etdirilməsi, müasir ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi doğma torpaqlarımızın işğaldan azad olunması üçün zəruri şərait yaratmışdır. Xalqımızın gücünün “Dəmir yumruq” ətrafında səfərbər edilməsi mövcud imkanları tarixi missiyanın yerinə yetirilməsinə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-hərbi liderliyi tarixi Qələbənin qazanılmasında müstəsna rol oynamışdır. Onun strateji baxışı, siyasi iradəsi, sərkərdəlik istedadı və tarixin həlledici məqamlarında düzgün qərarlar qəbul etmək məharəti hərbi-diplomatik fəaliyyətimizlə yanaşı, milli gücümüzü vahid hədəfə yönəltməyə imkan vermişdir. Dövlət başçısının rəhbərliyi, ölkənin iqtisadi potensialı, müdafiə qüvvələri və ümumxalq dəstəyi döyüş meydanında qələbələrə, uzunmüddətli siyasi nəticələrə çevrilmişdir.

Prezident İlham Əliyev xalqımızı doğma torpaqların azad edilməsi ideyası ətrafında birləşdirərək tarixi missiyanı həyata keçirmişdir. Xalqımız öz müqəddəratını müəyyənləşdirmək, hüquqlarını müdafiə etmək və qarşıya qoyduğu məqsədlərə nail olmaq gücündə olan yenilməz xalq olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Dövlət suverenliyimizin bərpası Cənubi Qafqazda uzunmüddətli sülhün yaradılması üçün yeni imkanlar açmışdır. Müharibədən sonra sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanaraq dövlətlərarası münasibətlərin normallaşması üçün səylər göstərmişdir. Dövlətimiz dayanıqlı sülhü regionun bütün xalqlarının təhlükəsizliyinin və rifahının zəruri şərti hesab edir.

Bu baxımdan 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və ABŞ arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması yolunda mühüm addım olmuşdur. Bu razılaşmalar sülh prosesinin irəliləməsinə, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlərin qurulmasına şərait yaratmışdır.

Azərbaycan Respublikası Milli Məclisi hesab edir ki, uzunmüddətli sülhün təmin edilməsi üçün qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsi, ərazi iddialarına bəhanə yarada biləcək şərtlərin aradan qaldırılması, etimadsızlığa və düşmənçiliyə meydan açan hərəkətlərə yol verilməməsi vacibdir. Beynəlxalq birlik region dövlətlərinin suveren seçiminə və təşəkkül tapmış yeni reallıqlara hörmətlə yanaşaraq birbaşa dialoqa və əməli əməkdaşlığa dəstək göstərməlidir.

Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İşğal dövründə dağıdılmış torpaqlarda şəhər və kəndlər yenidən inşa olunur, müasir nəqliyyat və enerji şəbəkələri, təhsil və tibb müəssisələri, digər infrastruktur obyektləri yaradılır. Tarixi, mədəni və dini abidələr bərpa olunur, insanların layiqli yaşaması üçün şərait təmin edilir.

“Böyük Qayıdış” proqramı Zəfərə uyğun quruculuq məzmunu daşıyır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə onların qurulmuş evləri, yurdları və gələcəyə olan ümidləri bərpa olunur. Soydaşlarımız doğma torpaqlarına qayıdaraq orada yeni həyat qururlar. Qarabağda həyat yenidən çiçəklənir.

Azərbaycan Respublikası Milli Məclisi əmindir ki, ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi və dövlət suverenliyinin qorunması milli təhlükəsizliyin vacib şərtidir. Güclü Azərbaycan öz təhlükəsizliyinin etibarlı təminatı və regional sabitliyin mühüm amilidir.

Biz Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün təmin edilməsi siyasətini qətiyyətlə dəstəklədiyimizi bildiririk. Parlament həmin hədəflərin yerinə yetirilməsi üçün zəruri qanunvericilik bazasını bundan sonra da təmin edəcək, milli maraqların müdafiəsi üçün parlament diplomatiyasının imkanlarından səmərəli şəkildə istifadə edəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, şəhidlərimizi, əsgər və zabitlərimizi, şəhid ailələrini, qazilərimizi və bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edir.

Tarixi Qələbəmizin nailiyyətlərini qorumaq, müstəqil Azərbaycanı daha da möhkəmləndirmək və gələcək nəsillərə güclü dövlət miras qoymaq hamımızın borcudur.

Yaşasın qalib Azərbaycan!”

Zeynəb Rzayeva

***

11:54

Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bəyanatın mətnini Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirib.

Zeynəb Rzayeva

***

09:30

Bu gün Milli Məclisin növbəti planer iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, deputatlar 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat qəbul edəcəklər.

Qeyd edək ki, məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Zeynəb Rzayeva

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026