• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İranla Rusiyanı üz-üzə qoyan dəhliz: Zəngəzur artıq daha qlobal məsələ halına gəlib

SİYASƏT

17 Sentyabr 2024 | 16:14

İranla Rusiyanı üz-üzə qoyan dəhliz: Zəngəzur artıq daha qlobal məsələ halına gəlib

“İran 2020-ci ildən bu yana, yəni Zəngəzur dəhlizi ilə bağlı məsələ gündəmə gətiriləndən bəri aşkar formada buna etirazını bildirir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Tehranın Zəngəzur dəhlizinə yanaşması həddindən artıq sərtdir. T.Abbaslı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması hansısa formada İranın strateji maraqlarına uyğun gəlməyə bilər:

“Tehran bu dəhlizin fəaliyyətə başlamasını Azərbaycanın, Türkiyənin mövqeyinin daha güclənməsinə yol açacağını vurğulayır. Tehran açıq bəyan edir ki, belə bir dəhlizin açılması İranın Azərbaycana təhdidlərini minimuma endirə bilər. Ancaq İran Zəngəzur dəhlizini özü üçün fəlakət görməməlidir”.

Müsahibimiz bildirib ki, İran öz cüzi maraqlarından belə imtina etmək istəmir. Ona görə də XXI əsrə xas olmayan ritorika və təhdidlə, hədə-qorxu ilə danışır:

“Hətta o vəziyyətə gəlib çatıb ki, din qardaşlarına qarşı Xocalı soyqırımını törədən bir dövlətin təhlükəsizliyini özünün "qırmızı xətti" elan edir. Bu qədər absurd bir dirəniş var".

Tural Abbaslı: İran XXI əsrə xas olmayan ritorika və təhdidlə, hədə-qorxu ilə danışır

Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur məsələsi artıq regional məsələ olmaqdan çıxıb və daha qlobal məsələ halına gəlib:

"Burada artıq Çin və Avropanı birləşdirəcək nəqliyyat və ticarət yolundan söhbət gedir. İranın buna dirənmək şansı çox deyil. Regionun aparıcı ölkələri - Türkiyə, Rusiya və Azərbaycanın eyni mövqedən çıxış etdiyini nəzərə alsaq, İranın müqaviməti mənasız və nəticəsizdir. Düzdür, müəyyən problemlər yaratmağa çalışır, məsələnin mümkün qədər yubanmasına çalışır. Amma "qorxunun əcələ faydası yoxdur". İranın hədələri, şantajları yersizdir. Tehran mövcud reallıqla barışmalı və dəhlizdən faydalanmanın yollarını axtarmalıdır".

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyalarının qəbuledilməz olduğunu deyib. Onun sözlərinə görə, bu yaxınlarda Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir:

"Ona görə də Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyaya ciddi xəbərdarlıq etməlidir".

İran rəsmisi xatırladıb ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfində olmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunb və Əbu Musa – red.) Birləşmiş Ərəb Əmirliklərinə aid hesab edir və Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər. Məlaki həmçinin vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu, İran üçün də qəbuledilməzdir.

Qeyd edək ki, son günlər müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanlarından sonra İran bu məsələyə aşırı sərt reaksiyalar verməyə başlayıb. Günlərdir İran rəsmiləri davamlı olaraq Zəngəzur dəhlizinin açılmasını fəlakət kimi qələmə verir, "qırmızı xətt"dən danışırlar. Bəzi şərhçilərə görə, İranın sözügedən dəhlizlə bağlı müqaviməti bu məsənin yubanmasına, yaxud da marşrutun dəyişməsinə səbəb ola bilər.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Sentyabr 2024