• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Ermənistanın bir qulağı Qərbdə, bir qulağı Moskvadadır:  Fərqli nəticə olmayacaq

SİYASƏT

19 Sentyabr 2024 | 09:51

Ermənistanın bir qulağı Qərbdə, bir qulağı Moskvadadır:  Fərqli nəticə olmayacaq

“Ermənistan hər dəfə müxtəlif səbəb göstərərək sülh müqaviləsindən və danışıqlardan boyun qaçırır”.

Bunu Bakıvaxtı.az-a politoloq Fuad Abbasov Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan sülh sazişində razılaşdırılmayan bəndlərin olmasıyla bağlı dediklərinə münasibət bildirərkən deyib.

Analitik vurğulayıb ki, söhbət sadəcə Mirzoyandan, Paşinyandan getmir, keçmiş hakimiyyətlərin dönəmində də İrəvan axıradək getmir, bir müddətdən sonra nədənsə imtina edirdilər:

"Ermənistan hökuməti mütəmadi sülhdən danışsa da, "müqavilənin 80 faizi hazırdır, sabah sülhü imzalamağa hazırıq" kimi bəyanatlar səsləndirsə də, əslində vasitəçisiz, yəni ikitərəfli qaydada müzakirələri davam etdirməyə hazır deyil. Son günlər baş verən bir neçə hadisə bunu isbatlayır. Guya Rusiyaya üz çevirdikləri iddia olunsa da, hələ də İrəvan hökumətinin bir qulağı Qərbdə, bir qulağı Moskvadadır. İndi də ortalığa İran çıxıb. Tehran da sülhə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Yəni Ermənistana hər zaman nəsə mane olur”.

Müsahibimizə görə, problem ondadır ki, İrəvan hakimiyyəti sərbəst, müstəqil siyasi iradə sahibi deyil. Öz qərarlarını özləri verə bilmirlər:

“Ermənistanda rejim, hakimiyət dəyişsə də, qeyri-müəyyənlik və tərəddüdlü yanaşma dəyişməyib. Fərqli nəticə olacağını düşünmürəm”.

Fuad Abbasov: Problem ondadır ki, İrəvan hakimiyyəti sərbəst, müstəqil siyasi iradə sahibi deyil

F.Abbasov hesab edir ki, indiyədək böyük dövlətlərin diktəsi ilə oturub-duran Ermənistan bundan sonra da eyni müstəvidə hərəkət edəcək:

“Azərbaycan və Türkiyə ilə normal münasibətlərin formalaşması, qalıcı sülhün əldə olunması üçün ilk növbədə Ermənistanın konstitusiyası dəyişməli, ərazi iddialarına son qoyulmalıdır. Əks halda sülh və müzakirələrin irəliləməsi imkansızdır".

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Arorat Mirzoyan sülh sazişində razılaşdırılmayan bəndləri sadalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bəlli olub ki, İrəvan tərəfi sazişdə tərəflərin ərazi bütövlüyünün rəqəmlə göstərilməsini istəyir. Yəni tərəflər sənəddə Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 600 kvadrat kilometr ərazisini tanıdığını və bu şərtlər daxilində bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə yazmalıdırlar.

Digər razılaşdırılmamış prinsiplərdən biri regional kommunikasiyaların açılmasıdır. Bildirilib ki, Azərbaycan məsələyə dəhliz məntiqi ilə baxdığından razılaşma əldə olunmayıb.

Növbəti məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olan məsələdir. Ermənistan istəyir ki, müqavilədə delimitasiya prosesinin aparılacağı, yaxud Ermənistanın sərhədləri müəyyənləşəcək hüquqi sənəd dəqiq göstərilsin.

Qeyd edək ki, demarkasiya və delimitasiya ilə bağlı müddəa faktiki olaraq müqavilədən çıxarılsa da, əsasnamə imzalansa da, tərəflərin imzaladığı əsasnamədə heç bir xəritə təsbit olunmayıb. Tbilisidə gürcü həmkarı ilə görüşündə Ermənistan baş naziri Nikol Paşinyan isə deyib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra bilib:

“Biz Azərbaycana sənəd layihəsinin razılaşdırılmış müddəalarının imzalanmasını, diplomatik münasibətlərin qurulmasını və yaxın vaxtlarda müzakirələrin davam etdirilməsini təklif etmişik”.

Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var:

“Əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan yox, həm də Gürcüstan, Türkiyə və İran olacaq”. "The Economist Group"un araşdırma və təhlil bölməsi bildirib ki, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub. Lakin qeyd olunub ki, sülh müqaviləsi 2024-cü ildə imzalanmayacaq: "Azərbaycan və Ermənistan öz sülh müqaviləsinin şərtlərini müzakirə etməyə davam edəcək. Ermənistan Qarabağa iddiasından əl çəkmək üçün konstitusiyasına dəyişiklik etməli olacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalanacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR