Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, yeni bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə yaradılıb.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz və digər rəsmi şəxslər iştirak ediblər.
Kitabxananın direktoru Oğuzhan Ceylan bildirib ki, yeni yaradılan Azərbaycan bölməsində ölkəmizlə bağlı 700-dən çox müxtəlif nəşr mövcuddur.
Çıxış edənlər Azərbaycan bölməsinin yaradılmasını iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndiriblər. Daha sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib və qonaqlar kitabxana ilə tanış olublar.
Məlumat verilib ki, 24 saat fəaliyyət göstərən kitabxananın 100 min qeydiyyatlı oxucusu var və onların min nəfəri Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyat nümunələri, eləcə də Azərbaycanın tarixi, incəsənəti, folkloru və Zəfər tarixinə dair nəşrlər yer alıb.
 Bakı 











