Son aylarda teatr mühitində müasir dramaturgiyanın vəziyyəti ətrafında gedən müzakirələr yeni və daha dərin suallar ortaya çıxarıb.
İzləyicilər vurğulayırlar ki, çağdaş dövrün sosial, psixoloji və urbanist proseslərini əks etdirən yeni pyeslərin sayı azdır, bir çox səhnələr isə repertuarlarını əsasən klassik əsərlərlə doldurur. Bu isə həm dramaturgiya məktəbinin inkişaf templərinə, həm teatrların yaradıcılıq siyasətinə, həm də ümumi sənət strategiyasına təsir edir.
Bu məsələlər fonunda rejissor və ssenaristlərin yanaşması xüsusilə əhəmiyyətlidir, onların praktik müşahidələri həm teatrın repertuar siyasətinə, həm də müasir dramaturgiyanın real vəziyyətinə işıq salır.
Məhz bu kontekstdə fikirlərini Bakıvaxtı.az-la bölüşən Əməkdar incəsənət xadimi, quruluşçu rejissor və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nicat Kazımov bir sıra vacib məqamlara aydınlıq gətirir.
Onun sözlərinə görə, yaxşı dramaturji material yarandıqda, təbii ki, teatrların repertuar siyasəti daha çevikləşir və müxtəlif mətnlərə yer açılır:
"Sadəcə olaraq bəzən elə əsərlər təqdim olunur ki, onların formal olaraq “dram” strukturuna salınmasına baxmayaraq, mahiyyət etibarilə teatr düşüncəsini daşımadıqları görünür. Obrazlara bölmək, monoloq və dialoqların dilini dəyişmək və ya mətni səhnə üçün uyğunlaşdırmağa çalışmaq hələ həmin mətnin dramatik əsərə çevrilməsi demək deyil".
Müsahibimiz əlavə edib ki, istənilən professional teatr, ilk növbədə, dramatik düşüncəni daşıyan, səhnə üçün doğulan əsərlərə müraciət etməyə üstünlük verir. Çağdaş dramaturgiyanın inkişafı ilə bağlı suala cavab olaraq Nicat Kazımov qeyd edib ki, əslində, bizdə müasir dramaturgiya nümunələri mövcuddur və onlara müraciət edən teatrlar da var.

Nicat Kazımov: Çağdaş mövzulara müraciət edən əsərlərin səhnələşdirilməsi nəzərdə tutulub
"Son illər ərzində həm gənc, həm də təcrübəli müəlliflərin yazdığı bir sıra əsərlər müasir dövrün problemlərini və yeni insan münasibətlərini əks etdirməyə çalışır".
Sonda o vurğulayıb ki, gələn mövsüm üçün repertuarda da bu xətt saxlanılır:
"Çağdaş mövzulara müraciət edən əsərlərin səhnələşdirilməsi nəzərdə tutulub. Bu, bir tərəfdən teatrın öz inkişaf strategiyasının tərkib hissəsidirsə, digər tərəfdən də dramaturgiya ilə teatr arasında daha sağlam əlaqənin formalaşmasına xidmət edir".
Əli Hüseynov
Bakı 



