• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Azərbaycan dörd erməni məhkumu Ermənistana niyə təhvil verdi?  - Səbəblər və hüquqi əsaslar

SİYASƏT

15 Yanvar 2026 | 13:19

Azərbaycan dörd erməni məhkumu Ermənistana niyə təhvil verdi?  - Səbəblər və hüquqi əsaslar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyan Ermənistana təhvil verilib.

Onlar müxtəlif illərdə Azərbaycan qanunvericiliyini pozduqları üçün saxlanmışdılar: Vaqif Xaçatryan Meşəli kəndində dinc sakinlərə qarşı törədilən qətliamda iştirak etdiyi üçün, digərləri isə sərhədi qanunsuz keçmək, diversiya xarakterli fəaliyyətlərdə iştirak etmək və qanunsuz silah-sursat daşımaq səbəbindən həbs olunmuşdu.

Azərbaycanın dörd erməni əsirini Ermənistana təhvil verməsi ətrafında formalaşan ictimai müzakirələr bir daha göstərdi ki, müharibə və etnik zorakılıq tarixi olan regionlarda humanitar addımlar həmişə sırf hüquqi deyil, həm də siyasi və psixoloji aspektlər daşıyır. Xüsusilə birinci Qarabağ müharibəsində törədilən cinayətlərə dair həssas kollektiv yaddaş fonunda bu qərarın hissi qarşılanması təbiidir.

Lakin rəsmi Bakının bu addımı təsadüfi deyil və geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Azərbaycan son dövrdə həm regional təhlükəsizlik arxitekturasını formalaşdırmaqda, həm də post-münaqişə mərhələsinin konturlarını müəyyənləşdirməkdə daha incə diplomatik alətlərdən istifadə edir.

Bu təhvilvermə qərarı iki istiqamətdə strateji məntiq nümayiş etdirir.

Birinci istiqamət humanitar kanalın açıq saxlanılmasıdır. Münaqişənin hərbi mərhələsi qapanıb, lakin sülh prosesi uzunmüddətli və mərhələli bir prosesdir. Bakı humanitar jestlər vasitəsilə həm beynəlxalq platformalarda konstruktiv tərəf kimi mövqeyini gücləndirir, həm də dialoqun davamlılığını təmin edir. Bu, gələcək sərhəd demarkasiyası, kommunikasiyaların açılması və regional iqtisadi layihələrin reallaşması üçün zəruri psixoloji mühiti formalaşdırır.

İkinci istiqamət isə Ermənistanın daxili siyasi dinamikası ilə bağlıdır. Paşinyan hökuməti ölkə daxilində ciddi təzyiqlərlə üz-üzədir və revanşist qüvvələr humanitar məsələləri tez-tez manipulyasiya alətinə çevirirlər. Əsirlərın qaytarılması İrəvanın sülh gündəmini legitimləşdirməsinə kömək edir və regionda yeni qarşıdurma dalğasının qarşısını almağa istiqamətlənmiş daha rasionallıq yönlü siyasi xəttin güclənməsinə xidmət edir. Azərbaycan üçün əsas hədəf revanşizmin geri qayıtmasının qarşısını almaqdır və bu kimi addımlar Ermənistanda kompromis yönlü siyasi xəttə müəyyən dərəcədə dəstək verir.

Geosiyasi müstəvidə isə proses ABŞ-Ermənistan əlaqələrinin intensivləşdiyi bir dövrdə baş verir. Regional kommunikasiya layihələri, xüsusilə Cənubi Qafqazı Avrasiya məkanına bağlayan yeni marşrutlarla bağlı müzakirələrin aktivləşməsi Bakının atdığı jestləri daha funksional kontekstdə şərh etməyə imkan verir. Humanitar addımların paralel olaraq sülh müqaviləsi üzrə müzakirələrə dinamika gətirməsi və Ermənistanı konstruktiv davranışa həvəsləndirməsi ehtimalı yüksəkdir.

Nəticə etibarilə Azərbaycanın dörd ermənini təhvil verməsi nə geri çəkilmə, nə də prinsipial xəttin dəyişməsi deməkdir. Bu qərar daha geniş strateji baxışın, post-münaqişə mərhələsində dayanıqlı regional nizamın formalaşdırılması xəttinin bir hissəsidir. Bakı hərbi-siyasi üstünlüyünü qorumaqla yanaşı, müxtəlif səviyyələrdə diplomatik elastiklik nümayiş etdirir və bu elastiklik uzunmüddətli regional sabitliyin qurulması üçün instrumental əhəmiyyət daşıyır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR