İran ətrafında təhlükəsizlik mühiti sürətlə dəyişir və bu fonda Trampın “bu gün çoxsaylı edamların dayandırıldığı” barədə açıqlaması diqqəti özünə çəkir.
İlk baxışda bu bəyanat ABŞ-nin hərbi variantdan geri çəkildiyini düşündürə bilər, çünki prezident bir neçə gün əvvəl edamların davam edəcəyi halda sərt reaksiyanın qaçılmazlığını vurğulamışdı. Lakin Trampın keçmişdə də zərbələrdən əvvəl ritorikanı yumşaltması və bir qədər sonra əməliyyata başlaması bu dəfə də eyni psixoloji taktikanın işə salınma ehtimalını artırır. ABŞ çox zaman əməliyyatı gözlənilməz saxlamaq üçün sakitləşdirici ton nümayiş etdirir və hazırkı situasiya da bu metoddan tamamilə uzaq görünmür.
Gərginliyi artıran başqa amillər də var. Qəddafinin qızı Ayşa Qəddafi İrana ünvanladığı emosional müraciətdə Qərbə güvənməmək barədə xəbərdarlıq edərək Liviyada baş verənləri misal gətirib. Onun fikirlərində açıq mesaj görünür: Qərbin kompromis vədi təhlükəni azaltmır, əksinə ölkəni daha böyük xaosa sürükləyə bilər. Ayşa Qəddafinin bu çıxışı bölgədəki ictimai-siyasi atmosferin nə qədər həyəcanlı olduğunu göstərməklə yanaşı, İran cəmiyyətinə verilən simvolik dəstək kimi də qəbul edilir. Bu cür apelativ çağırışlar prosesin yalnız daxili dinamika ilə məhdudlaşmadığını və regional emosional fonun da getdikcə ağırlaşdığını nümayiş etdirir.
Beynəlxalq medianın yazdıqları da vəziyyətin dərinləşməsini təsdiqləyir. “Reuters”in mənbələri qısa müddətdə hərbi qərarın verilə biləcəyini iddia edir, “The Independent” isə administrasiya daxilindən aldığı məlumatlara əsasən Vaşinqtonun artıq əməliyyat planını təsdiqlədiyini bildirir. Bu arada Avropa ölkələri öz vətəndaşlarına İranı tərk etmək tövsiyəsi verir və bir sıra aviaşirkətlər uçuşları məhdudlaşdırır. Bu addımlar diplomatik kanalların risk səviyyəsini yüksək qiymətləndirdiyini və qarşıdakı saatların kritik ola biləcəyini göstərir.
Mövcud məlumatlar bir daha nümayiş etdirir ki, İran etirazları zor tətbiq etmədən dayandırmayacaq və Vaşinqtonun tələblərinə asanlıqla boyun əymək niyyətində deyil. ABŞ tərəfi isə humanitar arqumenti ön plana çəkərək mümkün əməliyyat üçün siyasi zəmin yaratmağa çalışır. Ritorikadakı yumşalma real geri çəkilmədən çox, psixoloji hazırlığın elementinə bənzəyir. Prosesin gedişatı göstərir ki, tərəflər arasında kompromis üçün şərait formalaşmır və hərbi ssenari gündəmdən çıxmış sayılmır.
Züriyə Qarayeva
Bakı 




