Dünən Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının və vitse-prezidentlərinin ikinci görüşü keçirilib. Tədbirin yekununda birgə bəyanat qəbul olunub.
Bu görüş təşkilatın institusional baxımdan daha sistemli fəaliyyət mərhələsinə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə ardıcıl keçirilən zirvə və nazirlər səviyyəli görüşlərin davamı olaraq bu platformanın artıq epizodik deyil, davamlı koordinasiya mexanizminə çevrildiyi aydın görünür.
Bəyanatda regional təhlükəsizlik məsələlərinin xüsusi yer tutması təsadüfi deyil. Son dövrlərdə qlobal və regional risklərin artması fonunda TDT çərçivəsində məsləhətləşmələrin intensivləşdirilməsi üzv dövlətlərin ortaq təhlükəsizlik yanaşması formalaşdırmaq niyyətindən xəbər verir. Bu, klassik hərbi ittifaq modeli olmasa da, siyasi koordinasiya və risklərin kollektiv qiymətləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Eyni zamanda, iqtisadi və enerji istiqamətlərində vurğular TDT-nin təhlükəsizlik anlayışını geniş çərçivədə, yəni, iqtisadi dayanıqlılıq və enerji təminatı ilə birlikdə dəyərləndirdiyini göstərir. Trans-Xəzər nəqliyyat dəhlizi, yaşıl enerji layihələri və ticarət maneələrinin aradan qaldırılması kimi məsələlər faktiki olaraq iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu yanaşma təşkilatı yalnız siyasi deyil, həm də geo-iqtisadi güc mərkəzi kimi formalaşdırır.
Ümumilikdə, TDT bu görüşlə öz rolunu daha aydın şəkildə ortaya qoyur: təşkilat artıq sadəcə mədəni və tarixi yaxınlıq platforması deyil, regionda sabitlik, təhlükəsizlik və inkişafın koordinasiyasını təmin etməyə çalışan struktur kimi çıxış edir. Azərbaycanın sədrliyi dövründə bu dinamikanın güclənməsi isə Bakının həm təşəbbüskar, həm də birləşdirici aktor kimi mövqeyini möhkəmləndirir və təşkilatın gələcək inkişaf trayektoriyasına ciddi təsir göstərir.
Alim Nəsirov
Bakı 




