• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Köndələnçay su anbarları bərpa olundu

CƏMİYYƏT

15 Yanvar 2026 | 12:35

Köndələnçay su anbarları bərpa olundu

Azərbaycan dövləti su təhlükəsizliyinin gücləndirilməsi və strateji su ehtiyatlarının qorunması istiqamətində işğaldan azad edilmiş ərazilərdə mühüm layihələr həyata keçirir. Bu çərçivədə Füzuli rayonu ərazisində Köndələnçay üzərində yerləşən su anbarları əsaslı şəkildə yenidən qurulub.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Atakişi Babayev bildirib ki, “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının ümumi tutumu 15,5 milyon kubmetrdir. Anbarlardan ən böyüyü 9,5 milyon kubmetr su tutumuna malik “Aşağı Köndələnçay”dır.

Qeyd olunub ki, 30 ilə yaxın işğal dövründə bu obyektlərin bütün hidrotexniki qurğuları tamamilə yararsız vəziyyətə düşmüşdü. Ərazilər azad edildikdən sonra minatəmizləmə işləri aparılıb və genişmiqyaslı bərpa prosesinə başlanılıb. Yenidənqurma işləri 2024-cü ilin may ayında başa çatdırılıb və su anbarlarının açılışı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

Bərpadan sonra Köndələnçay su anbarları vasitəsilə işğaldan azad edilmiş ərazilərdə 6300 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Hazırda isə “Aşağı Köndələnçay” su anbarı hesabına çayboyu kəndlərdə 1000 hektardan artıq sahə su ilə təmin edilir.

Məlumata görə, Zəfər yolunun kənarında yerləşən “Aşağı Köndələnçay” su anbarının ərazisində istirahət zonası yaradılıb, yaşıllıq salınıb və söhbətgahlar quraşdırılıb.

Mütəxəssislər bildirirlər ki, qlobal iqlim dəyişikliyi fonunda bu cür strateji su obyektlərinin bərpası ölkənin milli su təhlükəsizliyinin təmin olunmasında və aqrar sektorun dayanıqlı inkişafında mühüm rol oynayır.


SON XƏBƏRLƏR

14 Yanvar 2026