• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Anasına əzab verərək öldürən şəxsi məhkəmədə bağışladı

CƏMİYYƏT

15 Yanvar 2026 | 11:22

Anasına əzab verərək öldürən şəxsi məhkəmədə bağışladı

Bakıda qadını qanunsuz azadlıqdan məhrum etmədə və döyərək öldürməkdə təqsirləndirilən P.Stanislavın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dindirilmiş təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə ifadə verilib.

O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib və ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmadığını qeyd edib.

İfadəsində P.Stanislav bildirib ki, zərərçəkmiş İrina ilə tanış olduqdan sonra ona uzun müddət maddi və mənəvi dəstək göstərib. Zərərçəkmiş şəxsin küçədə qaldığını, ona gecələmək, qidalanmaq və soyuq havalarda isinmək üçün köməklik etdiyini, əlindən gələn bütün vasitələrlə yardım göstərdiyini söyləyib. Zamanla aralarında yaxın münasibətlərin formalaşdığını söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İrina çöldə qalmaqdan qorxduğunu, qohumlarının ondan imtina etdiyini deyib və haradasa yaşamaq üçün ondan kömək istəyib. Bu səbəbdən onlar birlikdə kirayə mənzilə köçüblər. Bildirilib ki, zərərçəkmiş şəxs qapalı xarakterli olub, qonşularla əlaqə saxlamayıb, mənzilin açarı isə daima onun üzərində olub və istədiyi vaxt evdən çıxmaq imkanına malik olub.

P.Stanislav qeyd edib ki, İrina spirtli içkilərdən tez-tez istifadə edib, xüsusilə tibbi spirt içdiyini deyib. Onun xəstəliyi barədə əvvəlcədən məlumatı olmadığını, vəziyyəti ağırlaşdıqdan sonra həkimə getməyi təklif etdiyini bildirib. Hadisə günü işdən evə qayıdarkən mənzildə üfunət gəldiyini, İrinanı özünü idarə edə bilmədiyini gördüyünü deyib. Onu təmizləməyə və çimməsinə kömək etdiyini, daha sonra dincəlməsini xahiş edərək evdən çıxdığını qeyd edib.

Onun sözlərinə görə, gecə saatlarında evə qayıtdıqdan sonra zərərçəkmiş şəxs yenidən ağır vəziyyətdə olub. Səhər saatlarında isə onu hərəkətsiz halda yerdə uzanmış vəziyyətdə tapıb. Dərhal yaxınlarına məlumat verdiyini, təcili tibbi yardım çağırıldığını, həkimlərin mərhumun ağır dərəcəli qaraciyər xəstəliyindən əziyyət çəkdiyini bildirdiklərini qeyd edib. Bu səbəbdən polis orqanlarına məlumat verilməsinə etiraz etmədiyini söyləyib.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiqləmədiyini vurğulayıb.

Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş qızı isə deyib ki, ibtidai istintaq dövründə ittiham aktında göstərilən hallar araşdırılıb. Zərərçəkmiş şəxsin qızı anası ilə təqsirləndirilən şəxsin münasibətlərinin olduğunu bildirib.

Hazırda tərəflər arasında barışıq əldə olunmayıb, lakin mərhumun qızının təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığı, onu bağışladığı və təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığı qeyd edilib.

İttiham aktına əsasən, P.Stanislav birlikdə yaşadığı, 1968-ci il təvəllüdlü İrina adlı qadını uzun müddət fiziki və psixoloji zorakılığa məruz qoyaraq xüsusi amansızlıqla döyüb, nəticədə qadın aldığı ağır xəsarətlərdən ölüb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək mütəmadi işgəncə verib, xuliqanlıq niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, onun səhhətinə qəsdən ağır zərər vurub və ölümə səbəb olub.

Zərərçəkmiş qadın qaraciyər sirrozundan əziyyət çəksə də, ekspertiza onun ölümünün P.Stanislav tərəfindən vurulan çoxsaylı xəsarətlərin nəticəsi olduğunu müəyyən edib. Ekspert rəyinə görə, İrina baş beynin əzilməsi və ödemi, çoxsaylı qansızmalar, geniş hematomalar, həmçinin bədənin müxtəlif nahiyələrində ciddi əzilmələr səbəbi ilə həyatını itirib.

Məhkəmənin hökmü ilə P.Stanislav 10 il müddətinə azadlıqdan məhrum edilib.


SON XƏBƏRLƏR

14 Yanvar 2026