Serbiya Prezidenti Aleksandar Vuçiçin MOSSAD və MKİ-ni 1953-cü ildə İranda həyata keçirilmiş çevriliş ssenarisini təkrarlamaqda ittiham etməsi Tehran-Qərb münasibətlərində yeni müzakirələrə yol açıb. O, iddiasını “Ayaks əməliyyatı” və “Şahın bütün adamları” kimi mənbələrə əsaslandıraraq bu gün baş verən hadisələrin xarici müdaxilə ilə əlaqəli ola biləcəyini qeyd edib.
Bu açıqlama həm İran daxilində, həm də beynəlxalq səviyyədə proseslərin mahiyyəti ilə bağlı fərqli baxışların formalaşmasına səbəb oldu. Etirazların miqyası və dinamikası isə məsələnin yalnız xarici təsirlə məhdudlaşmadığını göstərir.
Hazırkı vəziyyətin həm regional təhlükəsizlik, həm də İranın daxili siyasi arxitekturası üçün hansı nəticələr doğura biləcəyi gündəmdədir.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Aleksandr Vuçiçin açıqlamaları İranın mövcud narrativinə uyğun gəlir və bu, Tehran tərəfindən siyasi arqument kimi istifadə edilə bilər. Onun sözlərinə görə, Qərb ölkələrinin etirazları dəstəkləməsi iddiaların yaratdığı gərginliyi daha da artırır:
“Bu ritorika İranı öz sərt təhlükəsizlik xəttini gücləndirməyə təşviq edə bilər və dialoq imkanlarını azalda bilər. Qərb isə prosesi xarici təsir kimi deyil, daxili narazılığın təzahürü kimi qiymətləndirir və bu, iki tərəf arasında fikir uçurumunu genişləndirir”.
Politoloq qeyd edib ki, iddialar beynəlxalq arenada İranın öz legitimliyini qorumaq üçün əlavə arqument qazanması deməkdir. Nəticə etibarilə münasibətlərdə daha soyuq və qarşıdurmaya meyilli mərhələ yarana bilər.
Müsahibimiz bildirib ki, etirazların əsas hərəkətverici qüvvəsi uzun illər yığılan sosial və iqtisadi narazılıqlardır. İnflyasiya, işsizlik, sosial bərabərsizlik və korrupsiya insanlarda ciddi narazılıq yaradıb. Cəmiyyətin gənc təbəqəsi daha açıq və sərbəst həyat tərzi tələb edir və bu, rejimin mövcud çərçivələri ilə ziddiyyət təşkil edir:
“Xalq yalnız gündəlik çətinliklərə deyil, geniş anlamda siyasi sistemin dəyişməsinə ehtiyac olduğunu düşünür. Bu daxili səbəblər xarici təsirdən asılı olmadan prosesin öz dinamikasını yaratmasına imkan verir. Ona görə Vuçiçin iddiaları ümumi mənzərənin yalnız çox kiçik hissəsini əhatə edir”.

Züriyə Qarayeva: Etirazların genişlənməsi ölkədə yeni güc balanslarının yaranması ilə nəticələnə bilər
Z.Qarayeva hesab edir ki, etirazların davamlı xarakter alması siyasi sistem daxilində parçalanmanı sürətləndirə bilər. Onun fikrincə, elita qrupları arasında fikir ayrılığı dərinləşə bilər və bu, idarəetmədə qeyri-müəyyənlik yarada bilər:
“Rejim islahatlara getməzsə, cəmiyyətlə dövlət arasındakı etimad daha da zəifləyə bilər. Bu, uzunmüddətli perspektivdə dövlət institutlarının funksionallığını azalda bilər. Etirazların genişlənməsi ölkədə siyasi sabitliyin zəifləməsi və yeni güc balanslarının yaranması ilə nəticələnə bilər. İran hakimiyyəti daxili təzyiqi azaltmaq üçün məcburi şəkildə müəyyən güzəştlərə getməyə də məcbur qala bilər”.
Xarici təsirlə bağlı iddiaların etirazçıların davranışına təsirinə gəlincə, həmsöhbətimiz qeyd edib ki, bu, etirazçıları daha ehtiyatlı addımlar atmağa vadar edə bilər, çünki rejim bu arqumenti sərt reaksiyanı haqlılaşdırmaq üçün istifadə edir. Onun dediyinə görə, bununla belə, etirazların kütləvi xarakter daşıması xalqın prosesə əsasən daxili motivlərlə qoşulduğunu göstərir. Etirazçılar kənar təsirlərlə bağlı arqumentləri öz mübarizələrinin legitimliyini azaltmaq üçün atılmış addım kimi görə bilərlər. Bu, prosesin emosional yüklənməsini daha da artırır və cəmiyyəti parçalama cəhdlərinə qarşı immunitet yaradır.
“Xarici təsir iddiaları etirazçıların bir hissəsində daha çox qəzəb və müqavimət hissi də yarada bilər. Nəticədə bu iddialar etirazların real səbəblərindən uzaqlaşma yaratmaqla yanaşı, cəmiyyətdə daha dərin siyasi debatlara yol açır”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 




