Böyük Britaniya Danimarkanın xahişi ilə "Arctic Endurance" hərbi təliminə hazırlıq üçün Silahlı Qüvvələrinin nümayəndəsini Qrenlandiyaya göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti Böyük Britaniyanın Baş naziri Keir Starmerin ofisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Britaniya əsgəri təlimlərin başlamasından əvvəl adaya göndərilən digər NATO üzv ölkələrindən olan əsgərlər qrupuna qoşulacaq.
"Arctic Endurance" Şimali Avropada hərbi təlim proqramının bir hissəsi olan və soyuq hava şəraitində müttəfiq qüvvələrin dözümlülüyünü və döyüş qabiliyyətini artırmağı hədəfləyən Danimarkanın reallaşdırdığı hərbi təlimdir. Təlim 10 Şimali Avropa ölkəsini əhatə edən Birləşmiş Krallığın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinin döyüş hazırlığını yoxlamaq və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.
Yanvarın 11-də "The Sunday Telegraph" öz mənbələrinə istinadən xəbər vermişdi ki, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada tamhüquqlu NATO missiyası yaratmaq planları hazırlayır. Hesab olunur ki, London adanı təkcə şəxsi heyətlə deyil, həm də hərbi gəmilər və təyyarələrlə təmin edə bilər.
Aynur Babazadə
Bakı 




