Azərbaycanda gələn ildən Aİ-95 markalı avtomobil benzininin istehsalının dayandırılması barədə yayılan məlumatlar cəmiyyət arasında müxtəlif suallar doğurub.
Bu məsələ təkcə yanacaq bazarına deyil, həm də ümumilikdə iqtisadi proseslərə, qiymət siyasətinə və istehlakçı maraqlarına təsir göstərə biləcək bir addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan Aİ-95 markalı benzini uzun illərdir, əsasən, xaricdən idxal edir:
"Bu il az həcmdə də olsa, yerli istehsalın həyata keçirilməsi müəyyən ümidlər yaratmışdı. Lakin növbəti ildən bu prosesin dayandırılacağı barədə məlumatlar bir sıra suallar doğurur. Maraqlıdır ki, Azərbaycanda satılan Aİ-95 markalı benzinin təxminən 90 faizi xarici istehsaldır və qiymətə əsas təsir edən amil də məhz idxal olunan məhsulun dəyəridir".
Onun sözlərinə görə, Aİ-95 markalı yanacaq artıq Tarif Şurasının tənzimlədiyi məhsullar siyahısından çıxarılıb:
"Bu isə o deməkdir ki, bazarda qiymətlərin formalaşması bazar iqtisadiyyatının prinsiplərinə əsaslanmalıdır. Ancaq reallıqda vəziyyət fərqlidir: hazırda ölkədə bu markalı benzini yalnız SOCAR-ın törəmə şirkətləri sata bilir və nəticədə onlar qiymət siyasətinə tam nəzarət edirlər. Belə şəraitdə istənilən qiymət artımı və ya azalmaması bazar mexanizmlərinin deyil, daha çox inzibati və korporativ qərarların nəticəsi olur".
.jpg)
Natiq Cəfərli: Azərbaycanda real bazar qaydalarının işləməsi üçün rəqabət mühiti genişləndirilməlidir
Həmsöhbətimiz əlavə edib ki, əslində, vəziyyət məhsulun qlobal bazardakı dəyərindən asılı olmalıdır:
"Hazırda dünya bazarında neftin qiyməti eniş tendensiyasındadır və ekspertlər gələn il daha da ucuzlaşmanın gözlənildiyini bildirirlər. Bu halda, Aİ-95 markalı benzinin də qiymətinin azalması təbii nəticə olmalıdır. Əgər dünya qiymətləri aşağı düşdüyü halda Azərbaycanda əksinə, bahalaşma baş verərsə, bu, süni və formal artım kimi qiymətləndiriləcək".
İqtisadçı onu da diqqətə çatdırıb ki, Gürcüstanda benzin qiymətləri dövlət tərəfindən deyil, bazar iştirakçısı olan şirkətlər tərəfindən tənzimlənir və beynəlxalq bazardakı dəyişikliklər birbaşa istehlakçıya əks olunur:
"Azərbaycanda da real bazar qaydalarının işləməsi üçün rəqabət mühiti genişləndirilməli, idxal və satışda bir neçə şirkətin iştirakına şərait yaradılmalıdır. Əks halda, qiymətlərin formalaşması şəffaf olmayacaq və istehlakçı həmişə risk altında qalacaq".
Əli Hüseynov
 Bakı 


