• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Bəhreyn və Küveyt ilə qarşılıqlı investisiya imkanları müzakirə edilib

İQTİSADİYYAT

03 Dekabr 2025 | 17:07

Bəhreyn və Küveyt ilə qarşılıqlı investisiya imkanları müzakirə edilib

Azərbaycan Bəhreyn və Küveyt ilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarını müzakirə edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib.

Bildirilib ki, Fondun İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib. Səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və strateji sektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlər vasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.

Nümayəndə heyəti Bəhreynin suveren investisiya fondu olan "Mumtalakat"ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə Al Xəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcud trendlər, portfel şaxələndirilməsi və qarşılıqlı maraq doğuran yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.

ARDNF nümayəndələrinin daha sonra Bəhreyn Krallığının Maliyyə və Milli İqtisadiyyat naziri, Şeyx Salman bin Xəlifə Al Xəlifə ilə keçirilən görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı, suveren fondların rolunun artırılması və regional investisiya axınlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Səfərin Bəhreyn hissəsi çərçivəsində nümayəndə heyəti Bəhreyn İqtisadi İnkişaf Şurasının (EDB) baş icraçı direktoru, Dayanıqlı İnkişaf üzrə naziri Nur bint Əli Alxulaif ilə görüşüb. Tərəflər rəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativ investisiya təşəbbüsləri üzrə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Bəhreynin dövlət daşınmaz əmlak şirkəti olan "Edamah" şirkətinin baş icraçı direktoru Xalid Al Məcid, "Premier Group" rəhbərliyi, eləcə də "Bapco Energies" şirkətinin baş icraçı direktoru Mark Tomas ilə görüşlər keçirib.

Səfərin Küveyt proqramı çərçivəsində nümayəndə heyəti ölkənin suveren investisiya fondu olan Küveyt İnvestisiya Təşkilatının baş direktoru Şeyx Saud Al Sabah və Sosial Təminat üzrə Dövlət Təşkilatının (PIFSS) rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə qlobal kapitalların idarə olunması, institusional tərəfdaşlığın genişləndirilməsi, regional investisiya trendləri və uzunmüddətli investisiya strategiyaları müzakirə edilib.

Nümayəndə heyəti həmçinin Küveyt Birbaşa İnvestisiyaların Təşviqi İdarəsinin (KDIPA) baş direktoru Dr. Məşal Cabir Al-Əhməd Al-Sabah ilə görüşərək sərmayə təşviqi, biznes mühitinin inkişafı və qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirib, eləcə də bir sıra özəl sektor təmsilçiləri ilə regional bazarlarda mövcud trendlər və potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.


SON XƏBƏRLƏR