İranın Azərbaycana qarşı hava hücumu regionda təhlükəsizlik mühitini daha da gərginləşdirən hadisələrdən biri kimi qiymətləndirilir.
Bu hadisədən sonra bir sıra beynəlxalq aktorların Bakıya dəstək və həmrəylik mesajları verməsi diqqət çəkir. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə telefon zəngi etməsi və Fransanın Azərbaycanla həmrəy olduğunu bildirməsi siyasi baxımdan mühüm siqnal hesab olunur. Bu zəng yalnız diplomatik jest kimi deyil, həm də regionda formalaşan yeni geosiyasi balansın göstəricisi kimi şərh edilir. Eyni zamanda Makronun İrandakı Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsinə görə təşəkkür etməsi Azərbaycanın böhran şəraitində etibarlı tərəfdaş və logistika mərkəzi kimi rolunu bir daha ortaya qoyur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Makronun bu telefon zəngi ilk növbədə Azərbaycanın təhlükəsizliyinə verilən siyasi dəstək kimi qiymətləndirilməlidir. Fransa kimi böyük Avropa dövlətinin belə həssas məqamda həmrəylik nümayiş etdirməsi regiondakı proseslərin Avropada da ciddi narahatlıq doğurduğunu göstərir. Onun sözlərinə görə, bu zəng eyni zamanda İrana dolayı mesajdır ki, regionda hərbi eskalasiya beynəlxalq diqqət mərkəzindədir: "Digər tərəfdən, bu addım Azərbaycanın regional sabitlikdə mühüm aktor kimi qəbul olunduğunu göstərir. Makronun açıqlaması Avropa ölkələrinin Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinə daha aktiv yanaşmağa başladığını da göstərir".
Müsahibimiz deyir ki, ümumilikdə, bu zəng diplomatik dəstəkdən daha çox siyasi mövqe nümayişi kimi dəyərləndirilə bilər.
"Bu telefon danışığını Qərbin Azərbaycana münasibətində yeni mərhələ kimi qiymətləndirmək olarmı" sualını cavablandıran politoloq bildirib ki, müəyyən mənada bunu yeni mərhələnin elementlərindən biri kimi qiymətləndirmək mümkündür. Son illər Azərbaycan regionda həm enerji, həm də nəqliyyat layihələri baxımından strateji əhəmiyyətini xeyli artırıb:
"Qərb dövlətləri də bu reallığı daha açıq şəkildə qəbul etməyə başlayıblar. Belə bir şəraitdə Azərbaycanın təhlükəsizliyi və sabitliyi Avropa üçün də vacib məsələ kimi ortaya çıxır. Makronun zəngi də bu kontekstdə Qərbin regiondakı proseslərə daha həssas yanaşdığını göstərir. Bundan əlavə, bu addım Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndiyini göstərən nümunələrdən biridir".

Züriyə Qarayeva: Azərbaycanın regiondakı strateji rolunu daha da güclənir
Z.Qarayeva qeyd edib ki, söhbət yalnız siyasi dəstəkdən deyil, eyni zamanda strateji maraqların qorunmasından gedir.
Həmsöhbətimiz bildirir ki, bu məqam Azərbaycanın regional böhranlarda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Böhran vəziyyətində insanların təhlükəsiz şəkildə təxliyəsinin təmin olunması böyük logistika və koordinasiya tələb edir. Dediyinə görə, Azərbaycanın bu prosesdə rol alması ölkənin humanitar və nəqliyyat imkanlarının yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda bu addım Azərbaycanın beynəlxalq məsuliyyətli dövlət kimi imicini gücləndirir. Bu cür humanitar missiyalar diplomatik münasibətlərdə də müsbət təsir yaradır. Nəticədə Azərbaycan təkcə siyasi deyil, həm də humanitar sahədə etibarlı tərəfdaş kimi qəbul olunur.
Bu hadisənin Azərbaycanın regiondakı geosiyasi roluna göstərəcəyi təsirə gəlincə, Z.Qarayeva bildirib ki, bu hadisə Azərbaycanın regiondakı strateji rolunu daha da gücləndirən faktor kimi qiymətləndirilə bilər. Çünki böhran şəraitində ölkənin həm təhlükəsizlik, həm də logistika baxımından mühüm funksiyalar yerinə yetirməsi onun əhəmiyyətini artırır.
"Azərbaycan artıq təkcə enerji layihələri ilə deyil, həm də regional sabitlikdə oynadığı rol ilə diqqət çəkir. Beynəlxalq liderlərin Bakıya zəng etməsi və dəstək mesajları verməsi də bunun göstəricisidir. Bu proseslər Azərbaycanın diplomatik imkanlarını genişləndirir və onun beynəlxalq mövqeyini gücləndirir. Nəticədə ölkə Cənubi Qafqazda əsas geosiyasi mərkəzlərdən biri kimi mövqeyini daha da möhkəmləndirir", - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Bakı 




