• Bakı C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Bu gün Yel çərşənbəsidir 

CƏMİYYƏT

10 Mart 2026 | 00:00

Bu gün Yel çərşənbəsidir 

Novruz bayramı ərəfəsində qeyd olunan çərşənbələr xalqımızın qədim dünyagörüşünü, təbiətə münasibətini və yaradılış haqqında təsəvvürlərini özündə əks etdirir. Bu çərşənbələrin hər biri təbiətin əsas ünsürlərindən biri ilə bağlı olub, insanların həyatında mühüm məna daşıyır. Su, od, yel və torpaq kimi ünsürlər xalq inancında həm həyatın başlanğıcı, həm də təbiətin oyanışının rəmzi hesab olunur. Bu baxımdan Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi də xüsusi məna və inanclarla yadda qalır. Yel çərşənbəsi ilə bağlı xalq arasında formalaşmış inanclar, ayinlər və folklor nümunələri isə qədim dövrlərdən bu günə qədər yaşadılmaqdadır.

Folklorşünas Şakir Albalıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Yel çərşənbəsi, məlum olduğu kimi, yaradılış ünsürlərindən biri olan yel ruhu ilə bağlıdır:

“Yel ruhu, Yel baba və yelə edilən istəklər, inam və etiqad əlaməti kimi xalq düşüncəsində öz əksini tapır. Bəzi mənbələrdə və dini kitablarda yelin tanrı kimi qəbul edilməsi barədə fikirlərə də rast gəlinir. Bütün bu yanaşmaların əsasında isə yelin fövqəl gücünə olan inam dayanır. Yel baba, tanrı və ya yel ruhu kimi vəsf olunmasından asılı olmayaraq, bütün bu təsəvvürlərin kökündə yelin həm yaradıcı, həm də dağıdıcı gücə malik olması haqqında inam dayanır”.

Folklorşünas qeyd edib ki, Yel çərşənbəsində əsas məqsəd də məhz Yel babaya, yel ruhuna müraciət edərək onun dağıdıcı deyil, qurucu və həyatverici funksiyasını ön plana çıxarmaqdır:

“Bu səbəbdən insanlar yel çərşənbəsi ilə bağlı müxtəlif ayinlər, mərasimlər və rituallar keçirir, nəğmələr oxuyur, müxtəlif şəkildə xalq yaradıcılığı nümunələri ilə Yel babanı razı salmağa çalışırlar. Bayatılarımızda da yellə bağlı çoxsaylı deyim və mətnlərə rast gəlinir. Məsələn:

Dağdan yel əsər yenə,
Səbrimi kəsər yenə.
Getdin, məni eylədin,
Yolunda əsər yenə”.

Müsahibimiz əlavə edib ki, bəzi tədqiqatçılar bu cür nümunələri fikrin ifadəsi üçün qurulan poetik vasitə kimi qiymətləndirsələr də, bayatıda dərin məna gizlənir:

“Burada dağdan əsən yelin aşiqin səbrini kəsməsi obrazı verilir. Sevgi və məhəbbətin səbir tələb etdiyi məlumdur. Lakin yelin əsməsi ilə səbrin kəsilməsi bir araya gətirilərək, dağdan əsən yelin aşiqin səbirini dağıtması kimi təqdim olunur. Bu isə yelin sanki dağıdıcı xüsusiyyətini önə çəkən poetik bir təsvir yaradır. Bəzən sual olunur ki, burada əkinçilikdən və taxılın biçilməsindən danışılırsa, bunun çərşənbə ilə nə əlaqəsi var. Əslində isə yer, su, od və yel kimi yaradıcı ünsürlərin birləşməsi yeni həyatın, yeni yaradılışın başlanğıcı hesab olunur. Buna görə də bəzi mərasimlərdə yerin yaradıcı gücündən kömək istənilməsi məqsədi də özünü göstərir”.

Ş. Albalıyev vurğulayıb ki, bu mərasimlərdə oxunan nəğmələr də əsasən təqlidi xarakter daşıyır:

“Yəni insanların məqsədi yerin ruhunu oxşamaq, onun yaradıcı gücünü özlərinə cəlb etmək və bu gücdən faydalanmaqdır.
Beləliklə, yel çərşənbəsinin əsas məğzi təbiətin yaradıcı qüvvələrini – xüsusilə də yelin həyatverici gücünü köməyə çağırmaq və yeni həyatın başlanğıcına inamı ifadə etməkdən ibarətdir”.

Qeyd edək ki, Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.

Aynur Babazadə


SON XƏBƏRLƏR

09 Mart 2026