ABŞ və İsrailin eyni vaxtda İrana hücum etməsi ilə başlayan müharibənin təsiri özünü göstərməyə başlayıb. Müharibə səbəbindən neft qiymətlərinin artması fonunda Pakistanın Baş naziri Şahbaz Şərif yanacaq istehlakını azaltmaq tədbirləri çərçivəsində məktəblərin iki həftəlik bağlanacağını və dövlət işlərinin onlayn formata keçiriləcəyini elan edib.
Bakıvaxtı.az xəbər verir ki, Pakistanda bütün ibtidai və orta məktəblər iki həftəlik tətilə göndərilib.
Dövlət qurumlarında iş həftəsi 4 günə endirilib və işçilərin 50%-nin evdən işləməsi məcburi hala gətirilib.
Dövlət avtomobillərinə ayrılan yanacaq limitləri iki ay müddətinə yarıbayarı azaldılıb.
Pakistanın Baş naziri Şahbaz Şərif bazar ertəsi xalqa müraciətində Yaxın Şərqdə alovlanan müharibənin qlobal neft qiymətlərini rekord həddə çatdırması ilə əlaqədar radikal enerji qənaəti paketi açıqlayıb. Baş nazir ölkə daxilində məktəblərin bağlanacağını və dövlət işçiləri üçün hibrid iş modelinə keçiləcəyini bəyan edib.
Yaxın Şərqdəki müharibənin Hörmüz boğazı vasitəsilə neft daşınmasını ləngitməsi Pakistanda yanacağın litrinin qiymətində tarixi artımlara səbəb olub. İqtisadi yükü yüngülləşdirmək məqsədilə qəbul edilən qərarlar çərçivəsində:
Bütün ibtidai və orta məktəblər iki həftəlik tətil edib. Universitetlər isə nəqliyyat xərclərini sıfırlamaq üçün tamamilə onlayn təhsilə keçib.
Dövlət müəssisələrində (banklar istisna olmaqla) iş həftəsi 4 günə endirilib, personalın yarısının evdən işləməsi tələb olunub.
Təcili xidmətlər xaricində, rəsmi avtomobillərin 60%-nin hərəkətinə qadağa qoyulub.
Baş nazir Şahbaz Şərif açıqlamasında bildirib:
"Qlobal müharibənin alovlandırdığı bu enerji böhranı qarşısında iqtisadiyyatımızı sabitləşdirmək üçün çətin qərarlar qəbul etməli idik. Məqsədimiz valyuta ehtiyatlarımızı qorumaq və xalqımızın üzərindəki inflyasiya yükünü minimuma endirməkdir."
Hökumət həmçinin nazirlərin maaşlarından imtina etməsi, lüks istehlakın dayandırılması və dövlət idarələrində kondisioner istifadəsinə məhdudiyyət qoyulması kimi əlavə qənaət tədbirlərini də qüvvəyə mindirib./Milli.az
Bakı 




