Cənubi Qafqazda sülh prosesinin gələcəyi baxımından mühüm siyasi hadisələr baş verir. Oktyabrın 28-də Ermənistan parlamenti ABŞ ilə TRIPP layihəsinə dair çərçivə sazişini 63 lehinə, 32 əleyhinə səslə ratifikasiya edib. Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 26-da Bakının Ermənistanla sülh sazişinin yekunlaşdırılmasına hazır olduğunu bir daha bəyan edib.
Bu iki hadisə regional kommunikasiyaların açılması, ABŞ-nin Cənubi Qafqazdakı rolunun genişlənməsi və Ermənistanın daxili siyasi prosesləri fonunda xüsusi əhəmiyyət daşıyır.
Bəs TRIPP layihəsinin hüquqi mərhələdən praktiki icraya keçməsi nə dərəcədə realdır və bu proses yekun sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistan parlamentinin TRIPP sazişini ratifikasiya etməsi regionda uzun müddət müzakirə olunan nəqliyyat kommunikasiyalarının açılması istiqamətində mühüm hüquqi addımdır. Onun sözlərinə görə, Azərbaycan üçün əsas strateji əhəmiyyət ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dayanıqlı quru bağlantısının yaradılmasıdır:
“Layihənin həyata keçirilməsi Azərbaycanın Türkiyə ilə nəqliyyat əlaqələrini gücləndirməklə yanaşı, Orta Dəhlizin beynəlxalq tranzit imkanlarını da genişləndirə bilər. Xüsusilə ABŞ-nin layihədə birbaşa iştirakı bu təşəbbüsə əlavə siyasi və iqtisadi əhəmiyyət qazandırır. Razılaşmaya əsasən, yaradılması nəzərdə tutulan inkişaf şirkətində ABŞ tərəfinin 74, Ermənistanın isə 26 faiz paya malik olması Vaşinqtonun layihəyə uzunmüddətli marağını göstərir. Bununla belə, ratifikasiya hələ dəhlizin fəaliyyətə başlaması demək deyil və növbəti mərhələdə texniki, maliyyə və inzibati mexanizmlərin razılaşdırılması əsas məsələ olacaq”.
TRIPP layihəsinin reallaşmasının Rusiyanın və İranın Cənubi Qafqazdakı mövqelərinə təsirinə gəlincə, müsahibimiz qeyd edib ki, TRIPP layihəsi yalnız nəqliyyat infrastrukturu deyil, həm də Cənubi Qafqazda geosiyasi təsir imkanlarının yenidən bölüşdürülməsi baxımından diqqət çəkən təşəbbüsdür. Dediyinə görə, ABŞ-nin Ermənistan ərazisindən keçəcək strateji nəqliyyat marşrutunun inkişafında iştirak etməsi Vaşinqtonun regiondakı iqtisadi və siyasi mövcudluğunu gücləndirə bilər. Politoloq bildirib ki, Rusiya üçün əsas məsələ ənənəvi təsir dairəsi hesab etdiyi regionda alternativ beynəlxalq tərəfdaşlıq mexanizmlərinin genişlənməsidir. İran isə Ermənistanla sərhədinin geosiyasi əhəmiyyətini nəzərə alaraq ABŞ-nin bu istiqamətdə fəallaşmasını öz regional maraqları baxımından həssas məsələ kimi qiymətləndirə bilər.
“Bununla belə, layihənin həyata keçirilməsi avtomatik olaraq Rusiya və İranın regiondan sıxışdırılması anlamına gəlmir, çünki hər iki dövlətin Cənubi Qafqazda iqtisadi və siyasi maraqları qalmaqdadır. Azərbaycan üçün ən məqsədəuyğun yanaşma isə nəqliyyat bağlantılarının açılmasını geosiyasi qarşıdurma vasitəsinə çevirmədən, regional əməkdaşlıq və milli iqtisadi maraqlar çərçivəsində inkişaf etdirməkdir”, - deyə həmsöhbətimiz qeyd edib.

Züriyə Qarayeva: Yekun sülh sazişi tərəflər arasındakı prinsipial fikir ayrılıqlarının həllindən asılı olacaq
Ceyhun Bayramovun Azərbaycanın sülh sazişini yekunlaşdırmağa hazır olması barədə son bəyanatından da danışan Züriyə Qarayeva qeyd edib ki, bu fikirlər Azərbaycanın sülh prosesində mövqeyinin dəyişmədiyini və yekun razılaşmaya siyasi hazırlığını nümayiş etdirir:
“Bakı üçün əsas məsələ sülh sazişinin sadəcə imzalanması deyil, gələcəkdə ərazi iddialarının yenidən gündəmə gətirilməsini istisna edən hüquqi və siyasi təminatların formalaşdırılmasıdır. Bu baxımdan Ermənistan Konstitusiyası ilə bağlı Azərbaycanın irəli sürdüyü tələb danışıqların ən mühüm həll olunmamış məsələlərindən biri olaraq qalır. Ermənistan hakimiyyəti isə konstitusiya dəyişikliklərinin daxili siyasi nəticələrini, ictimai münasibəti və müxalifətin mümkün müqavimətini nəzərə almaq məcburiyyətindədir. Paşinyan hökumətinin sülh sazişinin imzalanması üçün müxtəlif müddətlər səsləndirməsi də prosesin təkcə xarici siyasət deyil, daxili siyasi hesablamalarla əlaqəli olduğunu göstərir”.
Politoloq hesab edir ki, Azərbaycan bu mərhələdə konstruktiv mövqeyini qorumaqla yanaşı, sülhün hüquqi əsaslarının aydınlaşdırılmasını prioritet kimi saxlamaqda maraqlıdır.
“TRIPP sazişinin ratifikasiyası Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi və 2027-ci ildə hansı siyasi ssenarilər mümkündür” sualını cavablandıran müsahibimizin dediyinə görə, TRIPP layihəsinin parlament səviyyəsində təsdiqlənməsi Azərbaycanla Ermənistan arasında praktiki əməkdaşlığın siyasi razılaşmalardan daha konkret mərhələyə keçməsi üçün müəyyən imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması hər iki ölkənin iqtisadi maraqlarını yaxınlaşdıraraq sülhün qorunması üçün əlavə qarşılıqlı asılılıq formalaşdıra bilər. Lakin Ermənistan parlamentində layihənin 63 səslə qəbul olunmasına baxmayaraq, 32 deputatın əleyhinə səs verməsi bu təşəbbüs ətrafında ciddi daxili siyasi fikir ayrılıqlarının mövcudluğunu göstərir.
“Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın TRIPP layihəsinin yekun sülh sazişindən əvvəl də həyata keçirilə biləcəyini bildirməsi İrəvanın iki prosesi paralel aparmaq niyyətindən xəbər verir. 2027-ci ildə Ermənistanın konstitusiya məsələsində irəliləyiş əldə etməsi və nəqliyyat layihəsinin icrası üzrə konkret razılaşmaların formalaşması sülh sazişinin imzalanması üçün daha əlverişli siyasi şərait yarada bilər. Əks halda, regional kommunikasiyaların açılması istiqamətində müəyyən irəliləyişlər müşahidə olunsa belə, yekun sülh sazişinin imzalanması yenə də Ermənistanın daxili siyasi qərarlarından və tərəflər arasında qalan prinsipial fikir ayrılıqlarının həllindən asılı olacaq”, - Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
















