Avqustun əvvəlindən bəri Yəməndə gedən döyüşlər səbəbindən 281 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) məlumat yayıb.
Məlumata görə, didərgin düşənlərin yarıdan çoxu Taiz əyalətində sığınacaq tapıb. Didərginlərin dörddə üçü mənzil, təmiz su və sanitariya çatışmazlığının kəskin olduğu ərazilərdə yaşayır.
Son üç həftə ərzində humanitar təşkilatların zərər çəkmiş əhaliyə çıxışı daha da çətinləşib. Taiz şəhərini cənub əyalətləri ilə birləşdirən əsas yolun zədələnməsi səbəbindən yardım çatdırılması hazırda dar dağ yolları ilə həyata keçirilir. Tibbi xidmətlərin resursları idə tükənmək üzrədir.
BMT Yəməndəki münaqişənin bütün tərəflərini mülki şəxsləri və infrastrukturu qorumağa çağırıb.
Qeyd edək ki, Yəməndə "Ənsar Allah" hərəkatından olan husi üsyançıları ilə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən hökumət qüvvələri arasında silahlı münaqişə davam edir.
Gülşən Şərif
















