"Hazırda bu məsələni qərar adlandırmaq düzgün olmaz. Dünya təcrübəsi göstərir: belə yanaşmalar istehlakçı davranışlarına müəyyən təsir edir. Qlobal iqlim dəyişiklikləri, içməli su qıtlığı və onunla mübarizə tədbirləri çərçivəsində adətən istehlakçı davranışlarını istiqamətləndirməyə üstünlük verilir".
Bakıvaxtı.az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
O bildirib ki, bunun ən geniş yayılmış formalarından biri proqressiv tarifləndirmədir, yəni daha çox istifadə edən daha baha qiymət ödəyir:
"Bu yanaşmanın əsas məqsədi xidmət və məhsulun dəyərini artırmaqdır. Təcrübə göstərir ki, dəyəri yüksək olan xidmət və ya məhsuldan insanlar daha səmərəli, qənaətlə və uzunmüddətli istifadə etməyə çalışırlar. Bu konsepsiyanın əsasında da məhz bu fikir dayanır. Eyni zamanda, artan xərclərin daha ədalətli bölüşdürülməsi də məqsədlərdən biridir. Beynəlxalq təcrübədə imkanlı və daha çox istifadə edən şəxslərə məhsul və xidmətlərin baha qiymətə təqdim olunması ilə artan xərclərin kompensasiyasına çalışılır".
Ekspert deyib ki, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir:
"Toplanmış vəsait hesabına infrastrukturun yaxşılaşdırılması, itkilərin qarşısının alınması, suvarma sistemlərinin yenilənməsi və çiləmə üsulunun tətbiqi kimi işlər maliyyələşdirilir. Məsələn, Azərbaycanda suvarma kanallarının 80–90 faizi torpaq kanallardır və bu da ciddi su itkisinə səbəb olur.
Lakin Azərbaycanda bu kimi təcrübələrdən hələ ciddi nəticələr əldə olunmadığı üçün insanların narahatlığı başadüşüləndir. Cəmiyyət bu təşəbbüsün əsas məqsədini daha çox vəsait toplamaq kimi qiymətləndirir.
Ümid etmək olar ki, dövlət qurumları bu vəsaitlərin şəffaf və hesabatlı şəkildə idarə olunmasını təmin edərək, səmərəli layihələrə yönləndirməklə ictimai etimadı artıra biləcəklər. Amma təcrübələr göstərir ki, bu yanaşma təkbaşına səmərəlilik və ya infrastrukturun inkişafına zəmanət vermir".
 Bakı 


