• Bakı 15° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

“Mən də cavab verə bilirəm”: Kremlin sanksiyaları və gizli mesajı

DÜNYA

04 Noyabr 2025 | 12:22

“Mən də cavab verə bilirəm”: Kremlin sanksiyaları və gizli mesajı

Rusiya-Ukrayna münasibətlərində yeni gərginlik: Sanksiyalar siyasi təzyiq alətinə çevrilib

Rusiya hökumətinin Ukraynanın Baş naziri Yuliya Sviridenko və bir neçə nazirə qarşı sanksiyalar tətbiq etməsi beynəlxalq səviyyədə rezonans doğurub. Moskva bu addımı “düşmən hərəkətlərinə cavab” kimi əsaslandırsa da, qərarın həm hüquqi, həm də siyasi tərəfləri mübahisə mövzusuna çevrilib.

Sanksiyalar siyahısındakı şəxslərin Rusiya ərazisinə girişinə qadağa qoyulub, onların aktivləri dondurulub. Bu hadisə Rusiya-Ukrayna münasibətlərinin növbəti mərhələsini müəyyənləşdirə bilər. Bəzi analitiklər bunu Moskvanın simvolik jesti kimi dəyərləndirsə də, digərləri bu qərarın regionda diplomatik balansı daha da gərginləşdirdiyini bildirirlər.

Məsələylə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya bu qərarı beynəlxalq hüquqa deyil, öz milli qanunvericiliyinə əsaslanaraq qəbul edib. Moskva iddia edir ki, bu, Ukraynanın “düşmən addımlarına” qarşı cavab tədbiridir:

“Lakin əslində bu, beynəlxalq hüququn prinsiplərinə zidd olan birtərəfli sanksiyadır. Qərar həm də Rusiyanın Qərb sanksiyalarına cavab mahiyyəti daşıyır və daxili auditoriyaya yönəlmiş mesaj xarakteri daşıyır”.

Politoloq hesab edir ki, bu cür addımlar Moskvanın siyasi təcridini dərinləşdirir, çünki hüquqi əsasdan çox, siyasi simvolizm ön plandadır. Rusiya bu yolla öz mövqeyini sərt və prinsipial göstərməyə çalışır, amma diplomatik baxımdan bu, itkilərlə nəticələnir.

Müsahibimiz qeyd edib ki, Ukraynanın Baş naziri və hökumət üzvləri sanksiyaları Kreml tərəfindən həyata keçirilən siyasi təzyiq aktı kimi qiymətləndiriblər. Onlar bəyan ediblər ki, bu qərar Ukraynanın mövqeyini dəyişməyəcək, əksinə, Rusiya ilə münasibətlərin daha da sərtləşməsinə səbəb olacaq. Sviridenko bu addımı “psixoloji təzyiq vasitəsi” adlandırıb və qeyd edib ki, Rusiya bu yolla daxili ictimai rəyə təsir göstərmək istəyir:

“Ukrayna rəhbərliyi hesab edir ki, Moskva sanksiyalarla Qərb ölkələrinə də mesaj göndərir. Bu açıqlamalar göstərir ki, Kiyev bu qərarı real təhlükə kimi deyil, daha çox siyasi şou kimi qəbul edir. Hökumət təmsilçiləri vurğulayıblar ki, Rusiya belə addımlarla beynəlxalq arenada öz mövqeyini zəiflədir”.

Züriyə Qarayeva: Rusiya sanksiyaları təkcə Ukraynaya deyil, Qərbə də ünvanlanan mesajdır

Bu sanksiyaların Rusiya-Ukrayna münasibətlərinin gedişatına gəstərəcəyi təsirə gəlincə, Z.Qarayevanın fikrincə, bu qərar iki ölkə arasında diplomatik münasibətlərin tam şəkildə donmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, onsuz da hərbi qarşıdurma fonunda siyasi dialoqun bərpası ehtimalı çox zəif idi. İndi isə sanksiyalar bu ehtimalı daha da azaldır:

“Moskva bu yolla Kiyevi danışıqlar masasına öz şərtləri ilə oturtmaq istəyir, amma əks effekt yaradır. Çünki Ukrayna artıq siyasi və diplomatik baxımdan Qərblə daha sıx inteqrasiya xəttini seçib. Nəticədə sanksiyalar iki paytaxt arasında qarşılıqlı inamsızlığı dərinləşdirir və regionda sülhün bərpasını çətinləşdirir”.

Həmsöhbətimiz deyib ki, Rusiya sanksiyaları təkcə Ukraynaya deyil, Qərbə ünvanlanan mesaj kimi təqdim edir:

“Bu, Moskvanın “mən də cavab verə bilirəm” tipli siyasi nümayişidir. Lakin belə qərarlar beynəlxalq ictimaiyyətdə ciddi legitimlik qazanmaq əvəzinə, Rusiyanın təcridini artırır”.

Qarayevaya görə, bu proses həm də Moskvanın diplomatik alətlərini tükəndirdiyini göstərir. Beynəlxalq sistemdə sanksiyalar adətən kollektiv mexanizmlə tətbiq olunur, lakin Rusiya bu qaydanı pozaraq daha çox siyasi jest nümayiş etdirir:

“Bu, qlobal səviyyədə yeni qarşıdurma ritorikasını gücləndirir və regionda sabitlik perspektivini bir qədər də zəiflədir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR