• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Qloballaşan rəqabət: ABŞ-Çin-Rusiya üçbucağında yeni güc balansı

DÜNYA

04 Dekabr 2025 | 10:15

Qloballaşan rəqabət: ABŞ-Çin-Rusiya üçbucağında yeni güc balansı

Müasir beynəlxalq sistemdə ABŞ-nin əvvəlki dominantlığının zəifləməsi güc mərkəzlərini çoxaldır və beləliklə, multipolyar nizamın konturları formalaşır. Bu proses bir tərəfdən regional güclər üçün yeni imkanlar yaradır, digər tərəfdən isə güc boşluqları səbəbindən lokal münaqişələrin artması riskini yüksəldir.

Formalaşan yeni dünya düzəni sabitlik və balans vəd etsə də, rəqabətçi maraqların toqquşması səbəbindən qeyri-müəyyənlik də artır. Bu nizamın kim tərəfindən dizayn olunduğu isə hələ də açıq sualdır: ABŞ öz təsirini qorumağa çalışır, Çin iqtisadi və texnoloji gücü ilə sistemi yenidən qurmağa can atır, qlobal bazarlar isə prosesə öz dinamikasını diktə edir. Yeni güc paylanması həm koalisiyaların tez-tez dəyişməsinə, həm də regionlar üzrə fərqli təhlükəsizlik arxitekturalarının yaranmasına səbəb olur. Nəticədə multipolyar dünya nizamı həm imkanlar, həm də risklərlə yüklənmiş mürəkkəb və dəyişkən bir geosiyasi reallıq kimi ortaya çıxır.

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bakıvaxtı.az-a bildirib ki, hazırkı multipolyar dünya nizamı sabitlikdən daha çox qeyri-müəyyən və lokal münaqişələrin artması ilə xarakterizə olunur. Onun sözlərinə görə, təbii ki, əvvəlki dövrlərlə müqayisədə ABŞ-nin dominantlığı zəifləyir və bu da regional güclərin yüksəlişinə səbəb olur. Bu proses bir tərəfdən fürsətlər yaradırsa, digər tərəfdən riskləri də artırır:

“Yeni dünya nizamı, qısa şəkildə desək, ABŞ-Çin-Rusiya üçbucağı ilə formalaşır. Burada dünya bazarının dinamikası xüsusi əhəmiyyət daşıyır. Çoxqütblü sistem həm xaosu, həm də sabitliyi özündə birləşdirən ziddiyyətli mərhələdir. Burada bir önəmli məqam da var: soyuq müharibə dövrünün sonu artıq çoxdan gəlib çatıb. SSRİ dağıldıqdan sonra “post-soyuq müharibə dövrü” başladı və indi onun da sonuna yaxınlaşırıq. Çünki ABŞ liderliyində qurulan birqütblü sistem zəifləyib və Çin, Rusiya, Hindistan kimi regional güclərin genişlənmə prosesi başlayıb. Bu səbəbdən Vyana Universitetinin professoru Rüdiger Frank “multipolyar-anarxiya” anlayışını gündəmə gətirir. Onun fikrincə, hazırkı dövrdə qlobal qaydalar zəifləyir və regional güc mərkəzlərinin rəqabəti ön plana çıxır.

Məsələn, 2020-2025 illəri arasında qlobal münaqişələrin sayı 20%-dən çox artıb. BMT-nin nəzdində fəaliyyət göstərən SIPRI (Stokholm Sülh Araşdırmaları İnstitutu) hesabatları göstərir ki, Yaxın Şərqdə, Afrikada və Qafqazda münaqişələr ciddi şəkildə artıb. Bizim Vətən müharibəmiz də həmin dövrün kontekstinə düşür. Eyni zamanda ABŞ-nin 2021-ci ildə Əfqanistandan çıxması və Ukrayna müharibəsində dolayı, birbaşa olmayan iştirakı onun qlobal liderlik iddiasının zəiflədiyini göstərir. Yeni dövr həm də imkanlar və risklərlə doludur. İmkanlar ondan ibarətdir ki, Türkiyə, İran, Hindistan, Braziliya kimi ölkələr təsir zonalarını genişləndirmək üçün yeni manevr imkanları əldə ediblər. Türkiyənin Mərkəzi Asiya, Orta Şərq, Afrika, Balkanlar və Cənubi Qafqazda artan fəallığı bunun açıq nümunəsidir”.

Əziz Əlibəyli: Yeni dünya nizamını müəyyən edən əsas faktorlar texnologiya və maliyyədir

Müsahibimizə görə, risklər isə ondan ibarətdir ki, qarşıdurma ehtimalı da çoxdur. Çin-Hindistan gərginliyi, İran-Səudiyyə Ərəbistanı xətti boyunca dini və siyasi rəqabət, birbaşa olmasa da, proksi qüvvələr üzərindən davam edir.

Ekspert qeyd edib ki, yeni dünya nizamını müəyyən edən əsas faktorlar texnologiya və maliyyədir:

"ABŞ uzun illər bu iki sahədə, həm də hərbi cəhətdən lider mövqedə olub. NATO və AUKUS kimi ittifaqlara rəhbərlik etməsi də bundandır. Çin isə fərqli yollarla, Avrasiya və Afrika boyunca iqtisadi təsirini genişləndirərək güc mərkəzinə çevrilir. Rusiyanın əsas üstünlüyü enerji və hərbi gücdür. Onun post-sovet məkanında təsiri bərpa etmək niyyəti də buradan qaynaqlanır. Ukraynaya hücumun səbəblərindən biri də budur. Digər tərəfdən, transmilli korporasiyalar - Apple, Google, Huawei kimi texnologiya şirkətləri, eləcə də iri enerji qrupları - qlobal bazarın dizaynında mühüm rol oynayır. Artıq dövlətlər qədər bu şirkətlər də dünya nizamının formalaşmasına təsir edir. Realist məktəbin tanınmış nümayəndəsi Con Mershaymer ABŞ-nin zəifləməsini anarxik sistemdə “qaydaların boşalması” ilə izah edir və multipolyar sistemin qaçınılmaz olduğunu bildirir. Joseph Nye isə “ağıllı güc” konsepsiyasında qeyd edir ki, ABŞ hələ də lider qala bilər, lakin bunu təkbaşına etmək mümkün deyil".

Aynur Babazadə


SON XƏBƏRLƏR

03 Dekabr 2025