Son vaxtlar Qərb dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistanın hazırkı hakimiyyətinə münasibətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bir müddət öncəyə qədər Qərbin əsas tərəfdaşı kimi təqdim edilən Baş nazir Nikol Paşinyan hökuməti indi həm Avropa siyasi dairələrində, həm də beynəlxalq mediada tənqid hədəfinə çevrilir.
Bakıvaxtı.az xəbər verir ki, “Past” qəzetinin məlumatına görə, bu tendensiya xüsusilə Qərb KİV-lərində və Avropa Parlamentinin bəzi üzvlərinin açıqlamalarında özünü göstərir. Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında Avropa Parlamentinin deputatları Naço Sançes Amor və Sergey Laqodinski Ermənistan hökumətinin son addımlarına, xüsusilə siyasi həbslərə və kilsəyə qarşı kampaniyaya sərt reaksiya veriblər. Onların fikrincə, Paşinyan administrasiyası demokratik dəyərlərdən uzaqlaşır və ölkədə söz azadlığına təzyiqlər artır.
Məsələnin beynəlxalq mediada əks-sədası da diqqət çəkir. “Financial Times” və digər nüfuzlu Qərb nəşrləri Ermənistanda baş verən siyasi həbsləri, o cümlədən iş adamı Samvel Karapetyanın həbsi ilə bağlı məqalələr dərc ediblər. Analitiklər hesab edirlər ki, bu həbslər Paşinyanın Rusiya təsirindən uzaqlaşmaq cəhdlərini göstərsə də, Qərbdə bu proses “hakimiyyətin öz opponentlərini neytrallaşdırmaq üsulu” kimi qiymətləndirilir.
Qərbin münasibətindəki soyuqluğun digər göstəricisi isə “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyanın ABŞ-yə səfəri və orada məşhur siyasi şərhçi Taker Karlsonla planlaşdırılan müsahibəsidir. Qeyd edək ki, Karlson əvvəllər Putin, Tramp, Orban kimi dünya liderləri ilə söhbətlər aparıb və onun Paşinyan deyil, müxalifət nümayəndəsini müsahibəyə dəvət etməsi təsadüfi sayılmır.
Ekspertlərin fikrincə, bütün bu hadisələr Qərbin Ermənistan hökumətinə inamının sarsıldığını göstərir. Paşinyanın daxili siyasətdə sərtləşməsi, kilsə və media ilə qarşıdurması, eləcə də iqtisadi sahədə qeyri-müəyyənliklər onun beynəlxalq nüfuzuna mənfi təsir göstərir. Nəticə etibarilə, Qərb üçün Paşinyan artıq “islahatçı lider” imicini itirir və onun yerinə daha balanslı, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqə qura bilən siyasi alternativlərin axtarışı gündəmə gəlir.
Əli Hüseynov
 Bakı 

jpg-1762235847.jpg)
