Gələn il Azərbaycanda Estoniyanın səfirliyi açılacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna arasında baş tutan telefon danışığı zamanı, nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib.
Azərbaycanda Estoniya səfirliyinin açılması iki ölkə münasibətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Azərbaycan çoxşaxəli siyasi kurs həyata keçirir. Onun sözlərinə görə, şimal, cənub, şərq və qərb istiqamətlərində bütün dövlət və milli maraqlar əsas götürülür və bu siyasət uğurla icra olunur:
"Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlığını genişləndirir. Bu çərçivədə xüsusilə Pribaltika respublikaları aktiv tərəfdaş kimi seçilir. Ümumiyyətlə, Azərbaycanla Baltik ölkələri arasında əməkdaşlıq hələ SSRİ dövründən mövcuddur və bu ölkələr Azərbaycana yaxın tərəfdaşlar hesab olunur. Pribaltika ölkələri ilə diplomatik münasibətlərin genişləndirilməsi həm regionda, həm də Avropada aktiv fəaliyyət göstərən tərəfdaşlarla əlaqələrin güclənməsi baxımından əhəmiyyətlidir".

Azad Məsiyev: Əməkdaşlıq hər iki tərəfin dövlət və milli maraqlarına uyğundur
Politoloq qeyd edib ki, Azərbaycanla bu ölkələr arasında əməkdaşlıq hər iki tərəfin dövlət və milli maraqlarına uyğundur. Onun sözlərinə görə, Estoniyanın Azərbaycanda səfirliyinin açılması da iki dövlət arasında siyasi və iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. Müsahibimiz qeyd edib ki, hər hansı problem yarandığı halda, bu diplomatik təmsilçilik onların daha tez həllinə imkan yaradacaq:
"Azərbaycanın müxtəlif ölkələrlə diplomatik əlaqələri genişləndirməsi, qarşılıqlı səfirliklərin açılması beynəlxalq arenada nüfuzun yüksəlməsinə və Prezidentin apardığı siyasətin həmin ölkələrdə daha dolğun çatdırılmasına şərait yaradır. Estoniya isə Pribaltika regionunda aktiv dövlətlərdən biri kimi Azərbaycanla diplomatik əməkdaşlığın inkişafında maraqlıdır".
Zeynəb Rzayeva
















