Cənubi Qafqazda sülh gündəliyinin aktuallaşdığı bir vaxtda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana mümkün səfəri diqqət mərkəzindədir.
Münaqişə sonrası dövrdə dövlətlərarası münasibətlərin tədricən normallaşması fonunda bu cür humanitar və ictimai təşəbbüslər regionda etimad mühitinin yaranmasına xidmət edir. Artıq hər iki tərəfdə dialoqa açıq, qarşılıqlı anlayışa əsaslanan yeni yanaşmanın formalaşdığı görünür.
Dövlətlərarası münasibətlərdə sabitliyin təmin olunması ilə paralel, cəmiyyətlərarası münasibətlərin də qaydasına düşməsi Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri bölgədə sülhün möhkəmlənməsi baxımından mühüm ictimai hadisə kimi qiymətləndirilə bilər:
"Son illər rəsmi Bakı və İrəvan arasında danışıqların intensivləşməsi, kommunikasiyaların bərpası ilə bağlı aparılan müzakirələr fonunda bu cür təşəbbüslər etimad mühitinin formalaşmasına real töhfə verə bilər".
Onun sözlərinə görə, səfərlərin əsas məqsədi tərəflər arasında cəmiyyət səviyyəsində dialoqun bərpası, qarşılıqlı stereotiplərin yumşaldılması və post-münaqişə dövründə birgə əməkdaşlıq perspektivlərinin müzakirəsidir:
"Azərbaycan tərəfi dəfələrlə bildirib ki, dövlətlərarası münasibətlərdə irəliləyiş cəmiyyətlərarası münasibətlərdə də öz əksini tapmalıdır. Bu baxımdan, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı sülh prosesinin ictimai dayağını gücləndirə bilər".

Əli Mustafa: Qafqazda yaranan yeni reallıqlar göstərir ki, xalqların uzlaşması artıq alternativsiz prosesə çevrilib
Ekspert hesab edir ki, belə ictimai diplomatiya addımları rəsmi danışıqlara paralel şəkildə aparıldıqda, tərəflər arasında yaranmış psixoloji baryerlərin aradan qalxmasına, xalqlar arasında birbaşa ünsiyyətin bərpasına şərait yaradır:
"Ermənistan ictimaiyyətində hələ də müəyyən qorxular və etimadsızlıq mövcud olsa da, artıq “təhlükə” ritorikasının zəifləməsi müşahidə olunur. Bu da göstərir ki, regionda uzlaşma meyli formalaşmağa başlayıb".
Sonda Əli Mustafa vurğulayıb ki, hazırkı mərhələdə tərəflər sülh müqaviləsinə yaxınlaşır. Belə bir şəraitdə cəmiyyətlərin qarşılıqlı etimadının artması, gələcək birgə layihələr və mədəni-humanitar əlaqələrin bərpası üçün zəruri zəmin yaradır:
"Qafqazda yaranan yeni reallıqlar göstərir ki, xalqların uzlaşması artıq alternativsiz prosesə çevrilib - bu isə sülhün davamlılığı üçün ən vacib faktordur".
Əli Hüseynov
 Bakı 


