“Süni intellekt texnologiyalarının inkişafı ilə media məkanında xəbərlərin etibarlılığını müəyyən etməyin daha da çətinləşdiyi bildirilib”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kompüter insidentlərinə qarşı mübarizə çərkəzinin rəhbəri Murad Balayev səsləndirib.
Onun sözlərinə görə, hazırda internet mediada yayılan xəbərlərin kim tərəfindən hazırlandığını müəyyənləşdirmək çətinləşib:
“Artıq xəbəri təqdim edənin real aparıcı, yoxsa virtual obraz olması, mətnin süni intellekt tərəfindən, yoxsa redaksiya heyəti tərəfindən hazırlanması suallar yaradır. Bu isə qiymətləndirmə baxımından ciddi çətinlik formalaşdırır”.
Murad Balayev qeyd edib ki, deepfake texnologiyalarından istifadə ilə hazırlanan saxta videolar son illərdə ciddi təhlükəyə çevrilib. Dediyinə görə, 2024-2025-ci illərdə Azərbaycanda müşahidə olunan deepfake videolar əsasən bank və investisiya mövzularına fokuslanıb:
“Ölkə başçısının və ailə üzvlərinin adından yayılan dezinformasiyalar aşkarlanmışdı. Bu məlumatların bir hissəsi deepfake videolar üzərindən yayılırdı”.
Mərkəz rəhbəri qlobal statistikaya da diqqət çəkib. O bildirib ki, “DeepStrike” hesabatına əsasən, son üç ildə dünyada deepfake hücumlarının sayı 500 mindən 8 milyona yüksəlib ki, bu da təxminən 900 faizlik artım deməkdir.
M.Balayevin çıxışı zamanı beynəlxalq nümunələr də təqdim olunub. Bildirilib ki, Honq-Konqda şirkət əməkdaşı süni intellektlə hazırlanmış videokonfrans zamanı rəhbərinin görüntüsü və səsi ilə aldadılıb və nəticədə 25 milyon dollar köçürmə həyata keçirilib. Bənzər hadisənin BƏƏ-də də qeydə alındığı, burada 35-45 milyon dollar həcmində zərərin yarandığı qeyd olunub.
Murad Balayev canlı deepfake texnologiyalarının da artıq real təhlükəyə çevrildiyini vurğulayıb:
“Face swap texnologiyası ilə insanın siması və səsi real vaxtda dəyişdirilir. Qarşınızdakı şəxsin başqa biri olduğunu görürsünüz. Bu texnologiyadan bank və işə qəbul platformalarını aldatmaq üçün istifadə olunur”.
O əlavə edib ki, deepfake artıq yalnız texnoloji məsələ deyil, həm də sosial mühəndislik və dezinformasiya alətinə çevrilib.
Zeynəb Rzayeva
Bakı 




