Astarada mikroavtobusun aşması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 4 nəfər daxil olub.
Bakıvaxtı.az-ın xəbərinə görə, xəsarət alanlar - Astara rayonunun Kijəbə qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tosif Nəcibulla oğlu Salayev, Astara rayon sakini, 1977-ci il təvəllüdlü Elşən Qəyanəli oğlu Həkimov, Astara rayonunun Ağ Körpü kənd sakini, 1985-ci il təvəllüdlü Hicran Qədəməd oğlu Abdullayev və Astara rayonunun Pəlikeş kənd sakini Əsmət Hacırza qızı İbayevadır.
Hazırda onların müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
***
14:13
Astarada yol qəzasında 16 nəfər xəsarət alıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, onlardan 4 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə isə tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
12:57
Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
12:20
Astarada mikroavtobus aşıb, yaralılar var.
Bakıvaxtı.az-ın məlumatına görə hadisə Deqədi kəndində baş verib.
Belə ki, Kijəbə -Deqədi marşurut üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.
Mikroavtobusda 20-yə yaxın sərnişin olduğu bildirilir. Onlardan 10 nəfərə yaxını müxtəlif dərəcəli xəsarətlər alıb və Astara və Lənkəran Rayon Mərkəzi Xəstəxanalarına çatdırılıblar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.
















