2027-ci ildə Azərbaycanda yanacağın qiymətinin necə dəyişəcəyi maraq doğurur. Dünya bazarında neftin qiyməti, istehsal xərcləri və vergi siyasəti bu məsələyə təsir edən əsas amillərdəndir.
Bəs 2027-ci ildə Azərbaycanda benzin və dizelin qiymətlərinin artırılması ehtimalı varmı? Bunun üçün hansı iqtisadi əsaslar mövcuddur?
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, Azərbaycanda yanacağın qiymətinin dəyişməsi dünya bazarındakı neftin qiymətindən çox az asılıdır.
Onun sözlərinə görə, Azərbaycanda yanacağın qiyməti demək olar ki, dünya bazarından asılı deyil və inzibati qaydada tənzimlənir. Qiymətlər Nazirlər Kabineti yanında Tarif Şurasının qərarları əsasında müəyyənləşdirilir.

Natiq Cəfərli: Azərbaycanda yanacağın qiyməti dünya bazarından asılı deyil
Ekspert qeyd edib ki, cari ilin əvvəlində dünya bazarında neftin qiyməti təxminən 65 dollar civarında olsa da, Azərbaycanda dizel yanacağının və Aİ-92 markalı benzinin qiyməti artırılıb.
"Bu fakt Azərbaycanda yanacağın qiymətinin müəyyənləşdirilməsində dünya bazarındakı vəziyyətin həlledici olmadığını göstərir. Hətta bəzi hallarda dünya bazarındakı proseslərin əksinə qərarlar qəbul edilir".
O vurğulayıb ki, Azərbaycanda yanacağın qiyməti dəyişəcəyi təqdirdə, bu, Tarif Şurasının qərarı ilə baş verəcək. Dünya bazarında gedən proseslər də nəzərə alına bilər, lakin Tarif Şurası mövcud qlobal vəziyyətdən fərqli istiqamətdə də qiymət artımı ilə bağlı qərar qəbul edə bilər.
Günəş Mərd















