• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Konqresdəki məğlubiyyət Trampın İran siyasətini dəyişdirəcək?

SİYASƏT

11 Noyabr 2026 | 12:58 | Müəllif: Gülşən Şərif

Konqresdəki məğlubiyyət Trampın İran siyasətini dəyişdirəcək?

Donald Tramp administrasiyası və Respublikaçılar Partiyası 3 noyabrda keçirilən aralıq seçkilərində ABŞ Konqresinin hər iki palatasına (Senat və Nümayəndələr Palatası) nəzarəti itirərək tarixi bir məğlubiyyətə uğradı. Tramp respublikaçıların uğursuzluğunda İranla münaqişənin və bunun fonunda yaranan yüksək yanacaq qiymətlərinin böyük payı olduğunu etiraf edib. ABŞ Vitse-prezidenti Ceyms Devid Vens də partiyanın ağır məğlubiyyətinə görə məhz İranla davam edən müharibəni əsas göstərib.

Tramp administrasiyasının bu məğlubiyyəti fonunda Ağ Ev İran siyasətini dəyişdirə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Donald Tramp yeni bir siyasət tətbiq edəcəyi inandırıcı görünmür. Çünki Tramp faktiki olaraq, özünün yaratdığı ağır şəraitin girovuna çevrilib:

"Bildiyiniz kimi, əvvəldən Amerika administrasiyasında Cey Di Vens bu hərbi kampaniyanın əleyhinə çıxırdı. Onu dəstəkləyənlərdən biri də keçmiş kəşfiyyat rəhbəri Tulsi Qabbard idi. O, birmənalı şəkildə bildirirdi ki, İranın nüvə proqramı fəaliyyətsizdir və dayandırılıb. İranın Ali Rəhbərinin fətvası isə bu işdə ən etibarlı qadağa və tormozlayıcı məqamdır. Ancaq Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun fitvasına, onun arqumentlərinə üstünlük verərək bu prosesə qoşuldu və faktiki olaraq, Amerika bu savaşı uduzub".

Politoloqun sözlərinə görə, Ağ Ev indi əlverişsiz vəziyyətdən normal sima ilə çıxmağa çalışır. Tramp indi ciddi-cəhdlə çalışır ki, nəsə etsin.

"Düzdür, biz görürük ki, hərbi hazırlıqlar geniş vüsət alır, üçüncü aviadaşıyan gəmi gəlir, şəxsi heyətin sayı durmadan artır. Ancaq sual budur: bu hazırlıqlar hədəfinə çata biləcəkmi? Mübarizəyə girməzdən əvvəl gərək tərəf özü müəyyən etsin ki, bu savaşa niyə gedir? Məqsədi nədir? Əgər hesablamaları düz olmasa, o vəziyyətdən necə çıxacaq? Trampın hesablamaları artıq bir dəfə alt-üst oldu. 2025-ci ilin iyununda 15 günlük müharibə özünəməxsus leytmotiv idi. Amma bu ilin 28 fevralında başlayan kampaniya göstərdi ki, Tramp bütövlükdə Təl-Əvivin yaratdığı ab-havanın əsiri olub və Venesuela ssenarisini təkrarlayaraq həm öz vəziyyətini tarazlamaq, həm də Çin və Rusiya qarşısında daha bacarıqlı görünmək istəyir. Amma alınmadı", - deyə müsahibimiz qeyd edib.

Tofiq Abbasov: ABŞ-nin İranla bağlı hərbi planlarının riskləri kifayət qədər yüksəkdir

Abbasov hesab edir ki, Tramp yenidən hərbi kampaniyaya qatılsa, vəziyyəti düzəldə bilməyəcək. Əksinə, yağışdan çıxıb yağmura düşəcək:

"Çünki yeganə ciddi təsir imkanı nüvə silahı ilə bağlıdır. Amma onu istifadə etmək üçün cəsarət tapacaqmı? Hətta taktiki başlıqları belə istifadə etmək üçün hərbi komandanlığın razılığı olmalıdır, prosedurlar var.Bu, bir həqiqətdir ki, indi Trampın ətrafında quzğunlar demək olar ki, hücum mövqeyindədir. Pit Heqset, Mark Rubio, Con Retklif və kəşfiyyat rəhbərliyi - hamısı quzğunlardır. Maliyyə naziri Skot Bessent də çox canfəşanlıq edir. Amma iqtisadçının siyasi proseslərə qatılması, siyasətçinin iqtisadi işə qatılması kimi həmişə faciə ilə bitir.

Kəşfiyyatda və hərbidə peşəkarlar heç vaxt siyasi liderlərin sifarişlərinə uyğunlaşmamalıdırlar. Əgər onlar buna gedirsə, deməli həm özlərini, həm də yuxarıda oturan siyasi lideri aldadırlar. Amerikada bu baş verir. Əgər hesabatlarda Trampın istəyinə uyğunlaşma varsa, bu artıq faciədir".

T.Abbasov hesab edir ki, amerikalılar əsasən öz silah-sursatına və cəbbəxanadakı ehtiyatlarına güvənirlər. Lakin İranın da kifayət qədər silah-sursatı var və onlar ciddi şəkildə mühafizə olunur, yerin altında saxlanılır.

"ABŞ-nin İranla bağlı hərbi planlarının riskləri kifayət qədər yüksəkdir və Vaşinqton Tehranın potensialını düzgün hesablamır. İranda Səddam Hüseyn kimi mərkəzləşmiş sistem yoxdur, əksinə mərkəzləşdirilməmiş sistemdir. Onlar elə bir modeldə fəaliyyət göstərirlər ki, həm müqavimət təsirli olsun, həm də təcavüzü həyata keçirən qüvvəyə elə zərbə vursun ki, bir daha İran üzərinə gəlməsin. İran quruda, dənizdə, Oman dənizi və Hind okeanına çıxışlarda İran kifayət qədər güclü istehkamlar sistemi qurub", - Tofiz Abbasov bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026