Azərbaycanda inflyasiya rəsmi rəqəmlərdə 5% civarındadır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında yer alıb. Lakin gündəlik qida məhsullarının qiyməti 15-20% artsa belə, ümumi statistikada bu artım digər sabit qalan xidmətlərlə balanslaşdırılır.
Bazarda ərzaq bahalaşması hiss olunsa da, rəsmi göstəricilərdə fərq olmamasının səbəbi nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, məsələnin kökündə istehlak səbətinin hesablanma mexanizmi dayanır. Onun sözlərinə görə, inflyasiya indeksi ölkədə satılan hər bir məhsulun qiymət artımını ayrıca ölçüb sadəcə ortalaması deyil. Burada istehlak səbətinin strukturu, ayrı-ayrı məhsulların çəkisi və müxtəlif mal və xidmət qruplarının qiymət dəyişmələri nəzərə alınır:
“Nəticədə bəzi məhsulların ciddi bahalaşması digər məhsul və xidmətlərin qiymətinin az dəyişməsi hesabına ümumi indeksdə yumşalma yarada bilir. Tutaq ki, bazarda ət, süd və tərəvəz məhsullarının qiyməti 15-20% artıb”.
Müsahibimiz qeyd edib ki, eyni zamanda digər məhsulların qiyməti dəyişməz qalıb və ya ucuzlaşıb. Statistik hesablama bu dəyişiklikləri məhsulların istehlak xərclərindəki xüsusi çəkilərinə uyğun birləşdirir. Nəticədə istehlakçının tez-tez aldığı məhsullardakı kəskin bahalaşma ümumi ərzaq indeksində daha aşağı göstərici yaradır. Belə olan halda statistik orta göstərici vətəndaşın real həyat təcrübəsini ifadə etmir.

Vüsalə Əhmədova: Ərzaq qiymətlərində artım ümumi inflyasiyadan yüksəkdir
İqtisadçı bildirib ki, vahid inflyasiya göstəricisi müxtəlif gəlir qruplarına eyni təsir göstərmir.
“Yüksək gəlirli ailə büdcəsinin böyük hissəsini istirahətə, avtomobilə, təhsilə, müxtəlif xidmətlərə ayıra bilər. Aşağı gəlirli ailə üçün isə əsas xərc ərzaq, kommunal xidmətlər və gündəlik zəruri tələbatdır. Əgər çörək, süd, ət, yumurta, yağ və tərəvəz kimi gündəlik istehlak məhsulları bahalaşırsa, bu artım aztəminatlı ailənin büdcəsinə daha ağır zərbə vurur. Halbuki ümumi istehlak qiymətləri indeksində həmin məhsulların iqtisadi təzyiqi tam görünməyə bilər", - deyə müsahibimiz vurğulayıb.
V.Əhmədova əlavə edib ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb və ərzaq qiymətlərində artım ümumi inflyasiyadan yüksəkdir. Bu isə əhalinin ərzaq bahalaşmasını daha güclü hiss etməsinin statistik əsası olduğunu göstərir.
"Burada daha ciddi sual yaranır: Niyə ictimai müzakirədə ümumi inflyasiya rəqəmi ön plana çıxarılır, ancaq əhalinin gündəlik rifahına birbaşa təsir edən ərzaq inflyasiyası ayrıca və daha geniş təhlil olunmur? Fikrimcə, məsələnin ən həssas tərəflərindən biri istehlak səbətinin strukturu və onun əhalinin faktiki xərclərini nə dərəcədə əks etdirməsidir. İstehlak səbətindəki məhsulların xüsusi çəkilərinin hansı məlumatlar əsasında müəyyənləşdirildiyi, aşağı və yüksək gəlirli ailələrin istehlak səbətlərinin ayrıca hesablanıb-hesablanmadığı və ərzaq inflyasiyasının aztəminatlı ailələrə təsirinin ayrıca ölçülüb-ölçülmədiyi kimi suallar açıq şəkildə cavablandırılmalıdır".
Gülşən Şərif















