q
  • Bakı 13° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

İran ətrafında gərginlik: Blokada planının nəticələri nə ola bilər?

DÜNYA

01 May 2026 | 16:40

İran ətrafında gərginlik: Blokada planının nəticələri nə ola bilər?

Son günlər İran ətrafında hərbi-siyasi gərginliyin artması, xüsusilə dəniz blokadası ehtimalı ilə bağlı səslənən bəyanatlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. İran prezidenti Məsud Pezeşkianın blokada cəhdlərinin uğursuz olacağına dair açıqlaması isə bu müzakirələri daha da aktuallaşdırıb.

Məsələnin mahiyyəti yalnız hərbi qarşıdurma ehtimalı ilə məhdudlaşmır, eyni zamanda qlobal enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və regionda güc balansı ilə birbaşa bağlıdır. Xüsusilə Hörmüz boğazı üzərindən keçən enerji daşımaları bu ssenarini daha da həssas edir. Belə bir vəziyyətdə mümkün blokadanın effektivliyi, İranın cavab imkanları və ümumi nəticələri ciddi şəkildə təhlil olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran siyasi şərhçi Ruslan Zəngəzur deyib ki, bu açıqlama tamamilə əsassız deyil və müəyyən reallıqlara söykənir. İranın coğrafi mövqeyi ona Hörmüz boğazı üzərində təsir imkanları verir:

“Bu isə o deməkdir ki, hər hansı blokada cəhdi cavabsız qalmayacaq. İran klassik hərbi gücdən çox asimmetrik vasitələrə üstünlük verir. Sürətli katerlər, raket sistemləri və mina təhlükəsi kimi elementlər bu strategiyanın əsasını təşkil edir. Buna görə də blokada yalnız texniki deyil, həm də təhlükəsizlik baxımından mürəkkəb əməliyyatdır”.

Müsahibimiz hesab edir ki, İrana qarşı mümkün dəniz blokadası qısa müddətli təsir baxımından blokada müəyyən nəticələr verə bilər. Dediyinə görə, xüsusilə iqtisadi təzyiq aləti kimi müəyyən effekt əldə oluna bilər.

Politoloq görə, lakin uzunmüddətli perspektivdə bu ssenari dayanıqlı deyil:

“Çünki regionda qarşılıqlı cavab addımları qaçılmaz olur. Enerji bazarlarında ciddi dalğalanmalar baş verə bilər. Bu isə blokadanı həyata keçirən tərəflər üçün də əlavə risk yaradır. Ona görə effektivlik məsələsi çox şərti xarakter daşıyır”.

“İran belə bir blokadaya qarşı hansı imkanlara malikdir” sualını cavablandıran Z.Ruslan qeyd edib ki, İranın əsas üstünlüyü onun asimmetrik cavab imkanlarıdır. O, yalnız müdafiə olunmaqla kifayətlənmir, eyni zamanda təzyiq yarada bilir. Siyasi şərhçi bildirib ki, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini risk altına salmaq bu vasitələrdən biridir:

“Bundan əlavə, İran regiondakı müttəfiq və təsir dairələrindən istifadə edə bilər. Bu isə qarşıdurmanı geniş coğrafiyaya yaya bilər. Tehran eyni zamanda enerji faktorunu da leverage kimi istifadə edir. Bu imkanlar blokadanı riskli ssenariyə çevirir”.

Belə bir ssenarinin region və dünya üçün hansı nəticələr doğura biləcəyinə gəlincə, həmsöhbətimiz bildirib ki, ən böyük təsir enerji bazarlarında hiss olunacaq. Neft və qaz qiymətlərində kəskin artım mümkündür. Bu isə qlobal iqtisadiyyata birbaşa təsir göstərir.

“Digər tərəfdən, hərbi eskalasiya riski xeyli yüksəlir. Regional münaqişə daha geniş qarşıdurmaya çevrilə bilər. Beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyi sual altına düşər. Ümumilikdə bu ssenari nə regional, nə də qlobal sabitlik baxımından arzuolunan deyil”, -deyə Ruslan Zəngəzur əlavə edib.

Zülfü Məmmədov

 


SON XƏBƏRLƏR