Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat verib.
Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
19:50
Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki,qəza işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Opel" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər isə ağır xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadalarının iki avtomobili cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilməsi və onların xəstəxanaya çatdırılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
















