• Bakı 15° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Antalyada Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti keçirilib

MƏDƏNİYYƏT

04 Noyabr 2025 | 10:18

Antalyada Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti keçirilib

Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də incəsənət nümayəndələrimizin geniş konsert proqramı təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi musiqi axşamı, hazırda Antalyada davam edən Türkiyə Mədəniyyət Yolu Festivalı çərçivəsində Antalya Dövlət Opera və Balet Teatrında baş tutub.

Konserti mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya şəhər rəhbərliyi, eləcə də 40-dək ölkədən gəlmiş mədəniyyət elçiləri və Antalya ictimaiyyətinin nümayəndələri izləyiblər.

Musiqi və rəqs mədəniyyətimizin təntənəsinə çevrilən gecədə Xalq artistləri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Murad Hüseynov, Nəzakət Teymurova, Teyyub Aslanov, Murad Adıgözəlzadə, Əlixan Səmədov, Əvəz Abdullayev, həmçinin Əməkdar artistlər Elnarə Məmmədova, Ceyla Seyidova, Elvin Qəniyev və digər tanınmış solistlər çıxış ediblər.

Səslənən Azərbaycan və dünya bəstəkarlarının əsərləri, eləcə də muğam və xalq mahnılarımız tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Gecədə Azərbaycan Dövlət Rəqs Ansamblı və Əməkdar artist Eteri Cəfərova da bir-birindən maraqlı milli rəqs nümunələri ilə çıxış ediblər.

Konsertin sonunda Adil Kərimli, Fuad Muradov və Rəşad Məmmədov səhnəyə çıxaraq sənət ustalarına möhtəşəm çıxışlarına görə təşəkkürlərini bildiriblər və xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu noyabrın 4-də də maraqlı tədbir və təqdimatlarla fəaliyyətini davam etdirəcək.


SON XƏBƏRLƏR

03 Noyabr 2025