• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

ABŞ-İran qarşıdurması güc balansını dəyişdirməyə yönəlir - ŞƏRH

SİYASƏT

03 Fevral 2026 | 14:11

ABŞ-İran qarşıdurması güc balansını dəyişdirməyə yönəlir - ŞƏRH

ABŞ-nin Yaxın Şərqdə hərbi fəallığını artırması və İranın buna “hərtərəfli cavab” verəcəyini bəyan etməsi bölgədə onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirib.

Qarşılıqlı sərt mesajlar fonunda yaranan sual isə ondan ibarətdir ki, bu proses Yaxın Şərqdə mövcud güc balansını dəyişdirə və regionu genişmiqyaslı müharibə riskinə bir addım da yaxınlaşdıra bilərmi?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda ABŞ və İran arasında baş verən proseslər yaxın şərqdə güc balansının dəyişdirilməsinə hesablanmış mərhələnin tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ İranı tam şəkildə sıxışdırmaq və regiondakı təsir mexanizmlərini zəiflətmək cəhdlərini davam etdirir. Bu cəhdlərin ilkin mərhələsi bir neçə ay əvvəl hərbi zərbə ilə müşayiət olunmuşdu:

"Lakin sonradan məlum oldu ki, endirilən zərbələrin effekti Vaşinqtonun gözlədiyi səviyyədə olmayıb. İran hələ də öz hərbi və siyasi potensialının böyük hissəsini qoruyur və regiondakı geosiyasi proseslərə müəyyən təsir imkanlarını saxlayır. Bu isə ABŞ-ı qane etmir və nəticədə İrana qarşı təzyiq kampaniyasının ikinci mərhələsi başlanıb".

Politoloqun sözlərinə görə, bu mərhələ iki əsas istiqamət üzrə inkişaf edir. Birinci istiqamət İran daxilində yaranan kütləvi etiraz dalğası ilə bağlıdır. Sosial-iqtisadi problemlər fonunda formalaşan narazılıqlardan geosiyasi maraqlar çərçivəsində istifadə olunmağa çalışıldığı müşahidə edilir. İkinci istiqamət isə ABŞ-nin İrana qarşı hərbi təzyiq imkanlarını gündəmdə saxlamasıdır.

Elçin Xalidbəyli: Rəsmi Tehran məhz bu iki mənfi ssenari arasında seçim etməkdə tərəddüd edir

Müsahibimiz bildirib ki, hazırda qarşıdurma intensiv şəkildə davam etsə də, hər iki tərəf qəti qərar verməkdə tərəddüd edir. ABŞ birbaşa hərbi müdaxilə və ya yeni zərbə qərarını mümkün qədər gecikdirməyə çalışır. İran isə Vaşinqtonun tələblərini qəbul edib-etməmək məsələsində yekun mövqe formalaşdırmaqda çətinlik çəkir:

"Çünki tələblərin yerinə yetirilməsi Tehran üçün daha ağır siyasi və iqtisadi nəticələr doğura bilər. Əks halda isə növbəti hərbi toqquşma mərhələsi qaçılmaz görünür. Rəsmi Tehran məhz bu iki mənfi ssenari arasında seçim etməkdə tərəddüd edir".

E.Xalidbəyliyə görə, bütün bunlar göstərir ki, proses bütövlükdə regionda güc balansının yenidən formalaşdırılmasına yönəlib. Əgər gərginlik maksimum həddə çatarsa və hərbi müdaxilə faktoru ön plana keçərsə, mümkün münaqişə yalnız İran ərazisi ilə məhdudlaşmaya, həm də ona həmsərhəd bölgələrə yayıla bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR