• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Yaxın Şərq gərginliyi və Ukrayna müharibəsi: Qlobal balans necə dəyişir?

SİYASƏT

05 Mart 2026 | 11:14

Yaxın Şərq gərginliyi və Ukrayna müharibəsi: Qlobal balans necə dəyişir?

Yaxın Şərqdə son günlər baş verən hadisələr qlobal siyasətdə yeni suallar doğurur. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələr, İranın regiondakı ABŞ obyektlərinə və İsrailə raket hücumları ilə cavab verməsi beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.

Bu gərginlik fonunda Vaşinqtonun hərbi və siyasi diqqətinin Yaxın Şərqə yönəlməsi Ukrayna müharibəsinin gələcəyi ilə bağlı da müzakirələri artırıb. Bəzi analitiklər hesab edir ki, ABŞ-nin İranla mümkün uzunmüddətli qarşıdurmaya cəlb olunması Ukraynaya ayrılan silah və maliyyə dəstəyinə təsir göstərə bilər. Digər tərəfdən, Moskvanın ABŞ və İsrailin İran əməliyyatlarına sərt reaksiya verməməsi də diqqət çəkir və bu, böyük güclər arasında müəyyən səssiz anlaşmaların olub-olmaması ilə bağlı fərziyyələri gündəmə gətirir. Mövcud vəziyyət həm Ukrayna müharibəsinin gedişi, həm də Yaxın Şərqdə yeni güc balansının formalaşması baxımından mühüm nəticələr vəd edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, Yaxın Şərqdə gərginliyin artması Vaşinqtonun strateji diqqətinin müəyyən qədər bu regiona yönəlməsinə səbəb ola bilər. ABŞ-nin hərbi resursları və logistika imkanları qlobal miqyasda böyük olsa da, paralel şəkildə bir neçə böyük münaqişəni idarə etmək hər zaman çətin olur. İranla uzunmüddətli qarşıdurma ehtimalı yaranarsa, Onun sözlərinə görə, ABŞ ordusu öz sursat və silah ehtiyatlarını yenidən formalaşdırmağa məcbur qala bilər. Bu isə Ukraynaya ayrılan bəzi hərbi paketlərin gecikməsinə və ya həcminin azalmasına gətirib çıxara bilər. Politoloq deyib ki, digər tərəfdən, ABŞ üçün Ukrayna müharibəsi hələ də Avropanın təhlükəsizlik arxitekturası baxımından vacib məsələ olaraq qalır. Buna görə də Vaşinqton Ukraynanı tam şəkildə ikinci plana atmaqdan daha çox, iki böhran arasında balans qurmağa çalışacaq.

ABŞ və İsrailin İrana zərbələrinə Rusiyanın sərt reaksiya verməməsinin hansısa razılaşmanın nəticəsi ola biləcəyinə gəlincə, müsahibimiz bildirib ki, Moskvanın reaksiyasının nisbətən yumşaq olması müxtəlif şəkildə şərh olunur:

“Bir tərəfdən Rusiya hazırda Ukrayna cəbhəsində ciddi hərbi və iqtisadi yük altındadır və yeni bir geosiyasi qarşıdurmada açıq mövqe tutmaqdan çəkinə bilər. Digər tərəfdən, böyük güclər arasında bəzən açıq görünməyən diplomatik koordinasiya və ya qarşılıqlı həssaslıqların nəzərə alınması mümkündür. Bu, mütləq rəsmi razılaşma demək deyil, lakin tərəflərin müəyyən məsələlərdə bir-birinin “qırmızı xətlərini” nəzərə alması ehtimalı var”.

Z.Qarayevaya görə,  Moskva üçün əsas prioritet Ukrayna müharibəsində mövqelərini qorumaqdır və bu səbəbdən Yaxın Şərqdəki hadisələrə ehtiyatlı yanaşır. Eyni zamanda Rusiya İranla strateji əməkdaşlığı qorumaq istəsə də, ABŞ ilə birbaşa qarşıdurma riskini artırmaq istəmir.

Bəs İranın zəifləməsi və ya müharibəyə cəlb olunması Rusiyanın Ukraynadakı imkanlarına təsir göstərə bilərmi?

Həmsöhbətimiz deyib ki, İran son illərdə Rusiyanın hərbi-sənaye əməkdaşlıq etdiyi ölkələrdən biri kimi tanınırdı. Lakin artıq Rusiya İran texnologiyalarının bir hissəsini öz ərazisində istehsal etməyə başladığı üçün birbaşa asılılıq əvvəlki qədər yüksək deyil:

“Buna baxmayaraq, İranın regional mövqeyinin zəifləməsi Moskva üçün strateji baxımdan müəyyən problemlər yarada bilər. İran Rusiyanın Hind okeanına çıxışını təmin edən mühüm tranzit marşrutunun üzərində yerləşir və Şimal–Cənub nəqliyyat dəhlizində əsas rol oynayır”.

Züriyə Qarayeva: ABŞ həm Avropa təhlükəsizliyi, həm də Yaxın Şərq məsələlərində eyni anda aktiv rol oynamağa çalışır

Onun fikrincə, əgər İran ABŞ və Qərbin güclü təsiri altına düşərsə, bu marşrutların gələcəyi də sual altına düşə bilər. Bu isə Rusiyanın iqtisadi və geosiyasi manevr imkanlarını məhdudlaşdıran faktor kimi ortaya çıxar.

Politoloqunn dediyinə görə, hazırkı vəziyyət əslində qlobal sistemdə paralel böhranların formalaşdığını göstərir. ABŞ həm Avropa təhlükəsizliyi, həm də Yaxın Şərq məsələlərində eyni anda aktiv rol oynamağa çalışır. Çin isə bu qarşıdurmaların fonunda daha ehtiyatlı mövqe tutaraq rəqiblərinin diqqətinin başqa regionlara yönəlməsindən faydalanmağa çalışır. Avropa ölkələri Ukrayna müharibəsinin davam etməsini öz təhlükəsizlikləri ilə birbaşa əlaqələndirirlər və bu səbəbdən də Kiyevə dəstəyi davam etdirmək niyyətindədirlər.

“Digər tərəfdən, Yaxın Şərqdəki eskalasiya qlobal enerji bazarlarına və beynəlxalq siyasətə əlavə təzyiq yaradır. Belə bir şəraitdə böyük güclərin rəqabəti daha mürəkkəb xarakter alır və qlobal sabitliyin bərpası yaxın perspektivdə asan görünmür”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

04 Mart 2026