q
  • Bakı 12° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

"Mançester Yunayted"in sabiq futbolçusu karyerasını başa vurur

İDMAN

30 Aprel 2026 | 16:51

Mançester Yunaytedin sabiq futbolçusu karyerasını başa vurur

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Eşli Yanq peşəkar futbol karyerasını sonlandırmağa qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli oyunçu bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.

"Bu, hələ uşaq ikən xəyalını qurduğum inanılmaz bir səyahət idi. Lakin hər bir xəyalın sonu olmalıdır və şənbə günü peşəkar karyeramın sonuncu oyunu ola bilər. 23 il və çıxış", - deyə Yanq paylaşımda qeyd edib.

Qeyd edək ki, 40 yaşlı Yanq 2025-ci ildən etibarən İngiltərənin ikinci divizionu olan Çempionşipdə "İpsviç"in uğurları üçün tər tökür. O, cari mövsümdə komandasının heyətində çempionat çərçivəsində 13 matça çıxaraq aktivinə bir məhsuldar ötürmə yazdırıb.

Hazırda "İpsviç" çempionatın sonuna bir tur qalmış turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Şənbə günü komanda "Kuinz Park Reyncers"lə matça çıxacaq. Mövqeyini qoruya biləcəyi təqdirdə, klub birbaşa olaraq İngiltərə Premyer Liqasına vəsiqəni təmin edəcək.

Zəngin karyerası ərzində Eşli Yanq İngiltərənin "Everton", "Aston Villa", "Uotford" və "Mançester Yunayted" klublarının formalarını geyinib. O, Mançester təmsilçisi ilə birlikdə ölkə çempionu (2013), Avropa Liqasının qalibi (2017), İngiltərə Kubokunun (2016) və ikiqat Superkubokun (2011, 2012) sahibi olub. Futbolçu, həmçinin "İnter" klubu ilə İtaliya çempionluğu sevinci də yaşayıb (2021).

Bununla yanaşı, oyunçu İngiltərə milli komandasının heyətində meydana çıxdığı 39 matçda rəqib qapılarına yeddi dəfə yol tapmağı bacarıb.


SON XƏBƏRLƏR