Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli xalça ustası, sənətşünas alim Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bakıvaxtı.az Lətif Kərimovun dosyesini təqdim edir.
Lətif Hüseyn oğlu Kərimov 17 noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olub. O, Azərbaycan xalça sənətinin dünya miqyasında tanınmasına mühüm töhfələr vermiş görkəmli xalçaçı-rəssam, xalçaşünas alim və pedaqoqdur. Uşaqlıq illərinin bir hissəsini İran ərazisində keçirib, burada xalça toxuculuğu sənətinin incəliklərini öyrənib.
Sonralar Bakıya qayıdan Kərimov ömrünü Azərbaycan xalçaçılıq məktəbinin inkişafına həsr edib. O, xalça ornamentlərinin, kompozisiyalarının və bölgələr üzrə xüsusiyyətlərinin elmi şəkildə öyrənilməsini təmin edən ilk tədqiqatçılardan biri kimi tanınır.
Lətif Kərimovun ən mühüm elmi irsi “Azərbaycan xalçası” adlı çoxcildli əsəridir. Bu fundamental tədqiqatda o, Azərbaycan xalçalarını Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi əsas məktəblər üzrə sistemləşdirmiş, onların bədii və texniki xüsusiyyətlərini ətraflı izah edib.
Onun təşəbbüsü ilə Bakıda Azərbaycan Xalça Muzeyi yaradılmış və bu müəssisə xalça sənətinin qorunması və təbliğində mühüm rol oynayıb.
Lətif Kərimov Azərbaycan SSR Xalq rəssamı fəxri adına layiq görülmüş, həmçinin SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Onun fəaliyyəti nəticəsində Azərbaycan xalçaları dünya mədəni irsinin dəyərli nümunələrindən biri kimi qəbul edib.
Görkəmli alim və sənətkar 2 sentyabr 1991-ci ildə vəfat edib. Lətif Kərimovun zəngin elmi və yaradıcılıq irsi bu gün də Azərbaycan xalçaçılıq sənətinin əsasını təşkil edir və yeni nəsillər üçün mühüm mənbə olaraq qalır.
Murad İsmayıl
Bakı 




