Şəmkir rayonunun Keçilli kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər noyabrın 7-də saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2002 və 2006-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi və sınıqları diaqnozu qoyulub. Onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki şəxsin vəziyyəti stabil qiymətləndirilir.
2008-ci il təvəllüdlü şəxsə isə IV dərəcəli travmatik şok, kəllə-beyin travması, baş nahiyəsinin çoxsaylı xəsarətləri, alt çənə, bud və baldır sümüklərinin sınıqları diaqnozu qoyulub.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Noyabrın 8-də saat 04:20 radələrində ölüm faktı qeydə alınıb.
***
09:35
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.
Bakıvaxtı.az xəbər verir ki, ölən şəxs ağaca çırpılan avtomobildə sərnişin olub.
Belə ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Əmrahov Vüsal Vüqar oğlunun idarə etdiyi "VAZ"-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb, sərnişin, 2008-ci il təvəllüdlü (18 yaş) Orucov Teymur Əli oğlu ölüb, sürücü və digər sərnişin, 2002-ci il təvəllüdlü (24 yaş) Rüstəmov Cahid Asəf oğlu xəsarət alıblar.
***
09:17
Şəmkir rayonunun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində, Qədimqala kəndi istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb.
Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.















