q
  • Bakı 14° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Avropanın təhlükəsizlik arxitekturası dəyişir: NATO zəifləyir, Aİ güclənir?

SİYASƏT

30 Aprel 2026 | 12:35

Avropanın təhlükəsizlik arxitekturası dəyişir: NATO zəifləyir, Aİ güclənir?

Son dövrlərdə Avropanın təhlükəsizlik sistemində ciddi transformasiya müşahidə olunur. NATO daxilində etimadın zəifləməsi, ABŞ-ın təhlükəsizlik məsələlərində mövqeyinin zaman-zaman qeyri-müəyyən görünməsi və xüsusilə Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar Avropa İttifaqını alternativ mexanizmlər üzərində düşünməyə vadar edir.

Bu kontekstdə Aİ-nin Lissabon müqaviləsində yer alan 42.7-ci maddəsinə maraq artıb və bu maddə kollektiv müdafiə aləti kimi daha çox gündəmə gətirilir. Paralel olaraq, Avropa ölkələri müdafiə xərclərini artırır, birgə hərbi təşəbbüslər formalaşdırılır və “strateji muxtariyyət” anlayışı daha aktiv müzakirə olunur. Bütün bunlar Avropanın uzun illər NATO-ya əsaslanan təhlükəsizlik modelindən tədricən uzaqlaşa biləcəyi ehtimalını gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Ruslan Zəngəzur bildirib ki,  NATO daxilində etimadın zəifləməsi daha çox siyasi koordinasiyanın əvvəlki qədər sabit olmaması ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ-nin bəzi dövrlərdə müttəfiqlərə münasibətdə daha praqmatik və selektiv yanaşması Avropada narahatlıq yaradıb:

“Xüsusilə Ukrayna müharibəsi fonunda Avropa ölkələri təhlükəsizlik baxımından daha çox məsuliyyət daşımalı olduqlarını gördülər. Bu isə alyans daxilində yük bölgüsü məsələsini yenidən aktuallaşdırdı”.

Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən, bəzi üzv ölkələr arasında strateji prioritet fərqləri də mövcuddur. Bütün bunlar etimadın tam itməsi yox, amma əvvəlki qədər komfortlu olmaması deməkdir.

Müsahibimiz bildirib ki, 42.7-ci maddə hüquqi baxımdan kollektiv müdafiə öhdəliyini nəzərdə tutur, lakin onun praktik tətbiqi hələ məhduddur. Bu maddə NATO-nun 5-ci maddəsi kimi avtomatik hərbi reaksiya mexanizmi yaratmır. Daha çox siyasi və diplomatik öhdəlik xarakteri daşıyır. Bununla belə, Aİ daxilində müdafiə sahəsində inteqrasiya dərinləşdikcə bu maddənin rolu arta bilər. Hazırda isə institusional və hərbi koordinasiya baxımından çatışmazlıqlar mövcuddur. Ona görə də bu mexanizm hələ tam funksional təhlükəsizlik zəmanəti kimi çıxış etmir.

“Avropanın “strateji muxtariyyət” ideyası nə dərəcədə realdır” sualına cavab verən R.Zəngəzur deyib ki, strateji muxtariyyət ideyası Avropanın öz təhlükəsizliyini daha müstəqil şəkildə təmin etməsi məqsədinə xidmət edir. Onun sözlərinə görə, bu, ilk növbədə ABŞ-dən asılılığın azaldılması ilə bağlıdır. Son illərdə müdafiə xərclərinin artması və birgə layihələrin çoxalması bu istiqamətdə real addımların atıldığını göstərir. Lakin Avropa ölkələrinin hərbi imkanları və siyasi iradəsi hələ tam uyğunlaşmayıb. Bəzi ölkələr NATO-dan uzaqlaşmağın riskli olduğunu düşünür. Ona görə də bu ideya realdır, amma uzunmüddətli proses tələb edir.

Yaxın gələcəkdə Aİ-nin NATO-nu əvəz edə biləcəyinə gəlincə, həmsöhbətimiz yaxın perspektivdə belə bir ssenarini real görmür. Dediyinə görə, NATO hələ də Avropanın əsas təhlükəsizlik təminatçısıdır və xüsusilə ABŞ-nin hərbi gücü bu sistemin əsas sütunudur.

“Aİ-nin müdafiə mexanizmləri isə daha çox tamamlayıcı xarakter daşıyır. Avropa ölkələri tamamilə NATO-dan imtina etmək istəmirlər. Əksinə, paralel şəkildə alternativ imkanlar yaratmağa çalışırlar. Buna görə də ən real model NATO ilə Aİ-nin paralel və bir-birini tamamlayan təhlükəsizlik sistemi kimi fəaliyyət göstərməsidir”, - deyə Ruslan Zəngəzur əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

29 Aprel 2026