Ermənistanın sərhəd kəndlərində mülki şəxslərin adına qeydiyyatda olan silahların toplanaraq anbarların bağlanması barədə yayılan məlumat ilk baxışda sülh prosesinə uyğun addım kimi görünür. Rəsmi izah da məhz budur: Azərbaycanla mümkün razılaşma fonunda artıq belə paralel müdafiə mexanizmlərinə ehtiyac yoxdur.
Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə verilən bir mesajdır ki, İrəvan riskləri azaltmağa və nəzarəti mərkəzləşdirməyə çalışır.
Amma məsələni yalnız sülh niyyəti ilə izah etmək yetərli deyil. Bu addım eyni zamanda siyasi idarəetmə və təhlükəsizlik üzərində dövlətin nəzarətini gücləndirmək cəhdi kimi də oxunur. Sərhəd kəndlərində silahların mülki şəxslərin əlində olması faktiki olaraq qeyri-formal müdafiə sistemi yaradırdı. Onların yığışdırılması isə göstərir ki, hakimiyyət təhlükəsizlik məsələlərini artıq daha çox ordunun və rəsmi strukturların nəzarətinə vermək istəyir. Bu, həm də daxildə mümkün nəzarətsiz silahlı qrupların qarşısını almağa hesablanmış addımdır.
Təhlükəsizlik baxımından isə bu qərarın ikili təsiri ola bilər. Bir tərəfdən, silahların mərkəzləşdirilməsi koordinasiyanı artırır və nəzarəti gücləndirir. Digər tərəfdən, sərhəd zonasında yaşayan əhalinin özünümüdafiə imkanlarının azalması psixoloji və real təhlükəsizlik boşluğu hissi yarada bilər. Xüsusilə gərginliyin tam aradan qalxmadığı bir mühitdə bu cür addımlar yerli əhali üçün risk kimi də qəbul oluna bilər.
Regiondakı güc balansına gəldikdə isə bu addım həlledici dəyişiklik yaratmır, amma siyasi siqnal dəyəri daşıyır. Ermənistan bununla göstərmək istəyir ki, eskalasiyaya yox, sabitliyə üstünlük verir. Lakin əgər bu addım paralel olaraq real sülh mexanizmləri ilə müşayiət olunmasa, o zaman daha çox imic xarakterli qərar kimi qalacaq. Yəni nəticə etibarilə bu, həm sülhə hazırlıq elementi, həm də siyasi mesajdır və onun real təsiri gələcək addımlardan asılı olacaq.
Alim Nəsirov
Bakı 




