Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işini yekunlaşdırıb. Sessiya müddətində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və Assambleya daxilində gedən siyasi proseslər əsas müzakirə mövzuları olub.
AŞPA çərçivəsində aparılan müzakirələrdə Azərbaycana münasibətdə selektiv və qərəzli yanaşmalar müşahidə olundu, siyasi mövqelər bir çox hallarda obyektiv faktları kölgədə qoyuv.
AŞPA-nın qış sessiyasında iştirak etmiş hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, AŞPA tribunası illərdir Azərbaycanla bağlı reallıqları nəzərə almayan, siyasi simpatiyalara əsaslanan çıxışlar üçün istifadə edilib.
Ekspert diqqətə çatdırıb ki, bu tendensiya cari sessiyada da davam etdirilib:
“Azərbaycan nümayəndə heyətinin uzun müddətdir AŞPA sessiyalarında iştirak etməməsi Bakı ilə Assambleya arasında münasibətlərin soyuq qalmasının əsas göstəricisidir. Mövcud ikili standartlara baxmayaraq, Azərbaycanın AŞPA tribunasından kənarda qalması vəziyyəti dəyişmir. Məhz buna görə Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdaraq ölkənin mövqeyini birbaşa ifadə etməsi, əsassız ittihamlara yerində cavab verməsi və milli maraqları beynəlxalq müstəvidə daha effektiv şəkildə müdafiə etməsi zəruridir”.

Əhməd Şahidov: Azərbaycanın AŞPA-ya qayıtması zəruridir
Ə.Şahidov vurğlayıb ki, Azərbaycan Avropa Şurasının və AŞPA-nın tam hüquqlu üzvü olaraq qalır:
“Ölkəmizin bu platformadan tam kənarda qalması uzunmüddətli perspektivdə milli maraqlara uyğun deyil. AŞPA-nın qərəzli yanaşmalarına baxmayaraq, Azərbaycanın bu quruma qayıdaraq mövqeyini birbaşa tribunadan ifadə etməsi və əsassız ittihamlara yerində cavab verməsi daha effektiv və rasional yanaşma ola bilər”.
Aydın Baxış
Bakı 




