20 Noyabr - Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli qürur və dövlətçilik iradəsini özündə birləşdirən əlamətdar tarixdir.
2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mühüm siyasi nəticələrindən biri oldu. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqların təsdiqi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi üstünlük və xalqımızın milli birliyi nəticəsində Ağdam bir güllə atılmadan azad edildi. 2023-cü il iyulun 31-də Prezidentin müvafiq Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.
Ağdamın keçdiyi tarixi yol Azərbaycan xalqının üzləşdiyi faciələrin, eyni zamanda sarsılmaz mübarizə əzminin bariz nümunəsidir. 1993-cü il iyulun 23-də Ağdamın işğalı nəticəsində on minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı, yaşayış məntəqələri, məktəblər, mədəniyyət müəssisələri və tarixi abidələr dağıdıldı. Şəhərin uzun illər ərzində sistemli şəkildə viran qoyulması onun beynəlxalq ictimaiyyətdə “Qafqazın Xirosiması” adlandırılmasına səbəb oldu. Halbuki Ağdam tarixən Qarabağın mühüm iqtisadi, mədəni və ictimai mərkəzlərindən biri olmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdamdan və digər işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, bu qərar uzun illər icra olunmadı. Nəticədə Azərbaycan beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün bərpasına öz siyasi və hərbi gücü hesabına nail oldu.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın postmünaqişə dövründə müəyyənləşdirdiyi strateji inkişaf modelinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhər müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulur. Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi burada aparılan quruculuq işlərinin uzunmüddətli və sistemli xarakter daşıdığını göstərir. Yeni yaşayış komplekslərinin, avtomobil yollarının, mühəndis-kommunikasiya şəbəkələrinin, sosial və mədəniyyət obyektlərinin tikilməsi Ağdamın gələcəkdə Qarabağın aparıcı şəhərlərindən birinə çevrilməsinə hesablanıb. Əsas diqqət yalnız dağıdılmış infrastrukturu bərpa etməyə deyil, eyni zamanda müasir standartlara cavab verən, dayanıqlı iqtisadi inkişaf imkanlarına malik şəhər mühitinin formalaşdırılmasına yönəldilib. Bu baxımdan Ağdamın yenidən qurulması Azərbaycanın iqtisadi potensialının və dövlət idarəçiliyində strateji planlaşdırma imkanlarının nümayişidir.
Ağdamın dirçəlişində iqtisadi fəallığın artırılması və məşğulluq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının yaradılması bölgədə istehsal potensialının formalaşdırılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması baxımından mühüm addımdır. Artıq sənaye parkında müxtəlif istehsal müəssisələrinin fəaliyyət göstərməsi, yüz milyonlarla manatlıq investisiya layihələrinin həyata keçirilməsi Ağdamın iqtisadi həyatının bərpa olunduğunu göstərir. Bununla yanaşı, Bərdə–Ağdam dəmir yolu xətti, müasir Dəmir Yolu və Avtovağzal Kompleksi, avtomobil yolları və digər nəqliyyat infrastrukturu şəhərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Bu layihələr gələcəkdə Ağdamın regional ticarət, logistika və sənaye mərkəzinə çevrilməsi üçün əlverişli zəmin yaradır. Beləliklə, işğaldan azad edilmiş ərazilərin bərpası yalnız sosial məsələ deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm istiqamətidir.
Ağdamda aparılan quruculuq işlərinin ən mühüm nəticəsi isə insanların doğma torpaqlarına qayıtmasıdır. Uzun illər məcburi köçkün həyatı yaşamış ailələrin yenidən Ağdamda məskunlaşması tarixi ədalətin bərpasının ən təsirli ifadəsidir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən Ağdam şəhəri və rayonun Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında illərlə doğma yurduna qovuşmaq arzusu ilə yaşayan insanların taleyi, xatirələri və gələcəyə ümidləri dayanır. Eyni zamanda Ağdam Muğam Mərkəzinin, təhsil müəssisələrinin, yaşayış komplekslərinin və digər sosial obyektlərin istifadəyə verilməsi şəhərin ictimai-mədəni həyatının yenidən canlanmasına xidmət edir. Xüsusilə Ağdam Cümə məscidinin, İmarət Kompleksinin və digər tarixi-mədəni abidələrin bərpası milli-mənəvi irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses göstərir ki, Azərbaycanın məqsədi yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, həmin ərazilərdə təhlükəsiz, firavan və davamlı yaşayış mühiti yaratmaqdır.
Nəticə etibarilə, 20 Noyabr - Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində hərbi Qələbənin siyasi, iqtisadi və sosial nailiyyətlərə çevrilməsinin rəmzidir. Bir vaxtlar xarabalıqları ilə müharibənin ağır nəticələrini nümayiş etdirən Ağdam bu gün yenidənqurmanın, inkişafın və gələcəyə inamın simvoluna çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti göstərir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı hədəfləri uzunmüddətli, kompleks və strateji xarakter daşıyır. Ağdamın dirçəlişi həm də beynəlxalq ictimaiyyətə mühüm mesajdır: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, müharibənin dağıdıcı nəticələrini aradan qaldıraraq regionda yeni inkişaf imkanları yaradır. Bu gün Ağdamda ucalan hər bir bina, salınan hər bir yol, açılan hər bir müəssisə və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın gücünün, xalqımızın iradəsinin və tarixi Zəfərimizin davamlılığının göstəricisidir. Ağdamın yenidən həyat qazanması bir daha sübut edir ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi siyasətin əsas məqsədi güclü dövlətçilik, dayanıqlı inkişaf və gələcək nəsillər üçün firavan həyatın təmin edilməsidir.
Züriyə Qarayeva
















