Azərbaycanda quru sərhədlərinin bağlı qalması məsələsi ictimai müzakirə mövzusu olaraq qalır. Xüsusilə 2027-ci ildə sərhədlərin açılması ilə bağlı hər hansı qərarın qəbul edilib-edilməyəcəyi maraq doğurur. Regionda davam edən müharibələr və təhlükəsizlik riskləri bu məsələdə əsas amillərdən hesab olunur.
Bəs 2027-ci ildə Azərbaycanın quru sərhədlərinin açılması nə dərəcədə realdır?
Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında hazırkı şərtlər daxilində quru sərhədlərinin açılmasının gözlənilmədiyini bildirib.
Onun sözlərinə görə, regionda müharibə riskləri artmaqda davam edir:

Deputat: "Müharibə riski daha da artmaqdadır"
“İndiki şərtlərə görə, hələ ki, quru sərhədlərinin açılması gözlənilmir. Çünki müharibə riski daha da artmaqdadır. Ukrayna ilə Rusiya arasındakı müharibə, həmçinin ABŞ, İsrail və İran arasında mümkün qarşıdurma ilə bağlı risklər hələ də aradan qalxmayıb. Ölkənin təhlükəsizlik maraqları baxımından müəyyən risklərin yarana biləcəyi nəzərə alınaraq, belə bir addımın hələlik təxirə salınması nəzərdə tutulur. Hələ ki, bununla bağlı heç bir işartı görünmür”, -deyə o qeyd edib.
Günəş Mərd
















