ABŞ prezidenti Donald Trampın Hindistanın Rusiyadan neft idxalını dayandıracağı və Amerika ilə genişmiqyaslı ticarət razılaşmasına razılaşdığı barədə açıqlaması qlobal enerji və geosiyasi balanslar baxımından diqqətçəkən siqnallar verir.
Donald Trampın Narendra Modi ilə telefon danışığından sonra verdiyi bu mesaj, Vaşinqtonun Ukrayna müharibəsi fonunda enerji və ticarəti siyasi təzyiq alətinə çevirdiyini bir daha göstərir. Bu açıqlama təkcə ABŞ-Hindistan münasibətlərində yeni mərhələdən xəbər vermir, eyni zamanda Rusiyanın beynəlxalq enerji bazarındakı mövqeyinə yönəlmiş ciddi zərbə kimi də oxuna bilər.
Hindistanın Rusiyadan neft alışını dayandırması Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Son illərdə sanksiyalar səbəbilə Rusiya üçün Hindistan əsas və stabil bazarlardan biri idi və ucuz neft satışları Kremlin iqtisadi dayanıqlığını qorumağa kömək edirdi. Bu açıqlama Rusiyanın enerji gəlirlərinin azalacağına və müharibəni maliyyələşdirmək imkanlarının daralacağına dair açıq mesajdır. ABŞ-nin bu qərarı birbaşa Ukrayna müharibəsi ilə əlaqələndirməsi göstərir ki, enerji artıq neytral iqtisadi sahə deyil, birbaşa müharibə strategiyasının tərkib hissəsinə çevrilib.
Açıqlamada diqqət çəkən digər məqam Hindistanın neft idxalında ABŞ və Venesuelaya yönəlməsidir. Bu, Dehlinin ənənəvi balans siyasətində ciddi korrektə etdiyini göstərir. ABŞ Hindistanı təkcə enerji bazarına deyil, texnologiya, kənd təsərrüfatı və sənaye məhsulları üzrə də öz iqtisadi orbitinə daha sıx bağlamağa çalışır. Venesuela faktoru isə Vaşinqtonun maraqları tələb etdikdə sanksiya siyasətini belə elastik şəkildə yenidən dizayn edə bildiyini ortaya qoyur.
Ticarət sazişi ilə bağlı hissə bu açıqlamanın iqtisadi ölçüsünü daha da aydınlaşdırır. ABŞ tarifləri azaltmaqla Hindistan bazarına daha rahat giriş əldə edir, Hindistan isə ABŞ məhsulları üçün demək olar ki, maneəsiz bir bazar açmağı öhdəsinə götürür. 500 milyard dollardan çox Amerika məhsulunun alınması öhdəliyi Vaşinqton üçün strateji və simvolik qələbədir.
Bu açıqlama onu göstərir ki, ABŞ Ukrayna müharibəsini təkcə hərbi və diplomatik deyil, eyni zamanda enerji və ticarət mexanizmləri üzərindən formalaşdırmağa çalışır və Hindistan bu strategiyada getdikcə daha mərkəzi rol alır.
Ruslan Zəngəzur
Bakı 




