Bərdədə dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva hadisə ilə bağlı bir sıra iddialar səsləndirib.
Bakıvaxtı.az xəbər verir k, “Qafqazinfo”ya danışan Ş. Quliyeva hadisə barədə gecə saat 03:00 radələrində xəbər tutduğunu bildirib.
Ona qızının və kürəkəni Kənan İmaməliyevin dəm qazından zəhərləndiyi deyilib.
Ananın sözlərinə görə, xəbər tutan kimi yola düşüb. Lakin qızının ona zəng etməməsi şübhələrini artırıb və başına pis hadisə gəldiyini düşünüb:
“Yolda qaynıma, baldızıma zəng edib dedim ki, Pərvanəgil qazdan zəhərlənib, mən də ora gedirəm. Sonra yolda mənə zəng edib dedilər ki, deyəsən, Pərvanə ölüb. Deyəsən, baldızım idi, tam yadımda deyil. Dedim ki, mən elə bilirdim, ürəyimə dammışdı ki, Pərvanə ölüb”.
Ş. Quliyeva xəstəxanaya çatanda qızının nəşinin morqda olduğunu öyrənib. Günorta saatlarına qədər gözlədikdən sonra Pərvanənin nəşini görə bilib.
O, qızının bədənində bəzi izlər müşahidə etdiyini də bildirib:
“Bütün bədəninə baxdım. Sağ böyründə sivri bir iz, qan yığılması kimi bir şey var idi. Amma onun dəqiq nədən öldüyünü deyə bilmərəm. Bunu ekspertiza müəyyən edəcək”.
Şəlalə Quliyeva, həmçinin qızının mobil telefonundakı “WhatsApp” yazışmalarının və zəng tarixçəsinin silindiyini iddia edərək bunun araşdırılmasını istəyib:
“Pərvanə ailə həyatında problemlər yaşayıb. Hadisədən əvvəl gecə saatlarında mənə zəng edərək pul istəyib. Daha sonra isə ərinin onu qayçı ilə hədələdiyini və öldürməklə qorxutduğunu deyib”.
Ş. Quliyeva məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, qızının qayınanasından, qaynından və həyat yoldaşından şikayətçi olduğunu deyib.
Xatırladaq ki, Bərdənin Əliyanlı kəndində baş verən hadisə zamanı 2003-cü il təvəllüdlü Kənan İmaməliyevin və həyat yoldaşı Pərvanə Hüseynovanın dəm qazından zəhərləndiyi bildirilmişdi. Nəticədə P. Hüseynova həyatını itirib, K. İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.
















