“Böyük ehtimal Londonda tərəflərin görüş təklifi son məqamda gündəmə gətirilib”.
Bunu Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən imtina etməsinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, adətən bu cür təkliflər əvvəlcədən hazırlaşdırılır, planlaşdırılır və sonra həyata keçirilir:
"Belə demək mümkündürsə, gündəlik çiy olub və ona görə də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş texniki baxımdan reallaşmayıb. Amma siyasi baxımdan yaxşı olar ki, Azərbaycan və Ermənistan rəhbərləri görüşərdi və gündəlikdə olan məsələləri ən yüksək səviyyədə müzakirə edərdilər”.
İlqar Vəlizadə, politoloq
Müsahibimiz qeyd edib ki, hər halda Azərbaycan tərəfi heç vaxt Ermənistanla danışıqlar aparmaqdan boyun qaçırmayıb:
“Ermənistan tərəfinin isə görüşdən yayınması onu göstərir ki, İrəvan Bakının təklif etdiyi sülh gündəliyində duran məsələlərin müzakirəsinə və qəbuluna hazır deyil. Düzdür, Vaşinqtondakı görüşdə tərəflər regionda sülhün yaranmasına etiraz etmədiklərini vurğuladılar. Ancaq Ermənistan tərəfi hələ bir çox məsələlərdə reallıqları olduğu kimi qəbul etmək istəmir. Görünür, məhz bu səbəbdən Paşinyan Londonda Azərbaycan lideri ilə bir araya gəlməkdən boyun qaçırıb".
Xatırladaq ki, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı təkliflə çıxış etmişdi. Lakin Ermənistan tərəfi görüşdən imtina edib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Görüşün əvvəlində Britaniya baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. H.Hacıyevin sözlərinə görə, Ermənistanın bu görüşdən imtina etməsi İrəvanın dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndirilir: "Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başa düşülən deyil. Beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk". Xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Ermənistan tərəfindən imtina səbəbindən görüşün baş tutmaması sülh prosesinə töhfə vermir.
Aydın Baxış